пятница, 9 июля 2010 г.

YUXUSUZLUQ (hekayə)


Vaqif İBRAHİMOĞLUYA

…Gecə-gecədən keçmişdi. Kəndin üstünə çökmüş qaranlıq bir-bir hamını yuxuya vermişdi və indi ara-sıra, xala xətrin qalmasın hürüşən itlər də, sanki burada kimin hakimi-mütləq oldüğunun fərqindəydilər. Bəlkə haradasa, uzaqlarda səsli-küylü qaranlıqlar da olur, ancaq bu kəndin qaranlığı səssizzliyi sevirdi. Gecələr hərdən o qədər qaranlıq olurdu ki, bu zülmətə nə yol yürüyərdi, nə güllə sıxsan güllə işləyərdi…
O, pəncərədən içəri zillənmiş qaranlıqdan gözünü çəkib ehmalca böyrü üstə çevrildi. Elə bil, səs salıb çarpayının ayaq tərəfində, qoyun dərisisnin üstündə uyumuş itin yuxusuna haram qatmaq istəmirdi. Alapaça (itin adıdır) iri, qıllı çoban iti idi. Doğrusu, bu kənddə, lap elə ətraf kəndlərdə də evdə it saxlamaq nədir, heç bu barədə düşünmək belə adamların ağlına gəlmirdi. Əvvəla, bu mentalitetə uyuşmayan məşğuliy¬yət saylır, ikincisi də bura şəhər deyil, kənddir, kəndin ierarxiya sistemində isə hər bir canlının öz məxsusi yeri var və bu qaydanın pozulması üçün heç bir müstəsna hal nəzərdə tutul¬mur. Əlbəttə, bu cür məsələlərdən Alapaçanın başı çıx¬mır. Və əgər, günlərin bir gün qulağından tutub eşiyə fırlatsa¬lar belə, Alapaçanın onu yumşaq qoyun dərisinin üstündə yatmaq imtiyazından məhrum etmiş adama qarşı heç bir kini-küdurəti olmayacaq. Kin nə vaxt yaranır? Kiminsə tərəfindən təhqir olunanda və hansısa səbəblər üzündən bunun qarşılığını verə bilməyəndə. Alapaça isə canlıların elə bir zümrəsinə aiddir ki, onları istəsən də təhqir edə bilməzsən. Yəni, sən öz aləmində onları təhqir edə bilərsən, ancaq, əgər onlar bunu anlamırlarsa day, bunun harası təhqir oldu?!
Köhnə odun peçinin çatdaqlarından sızan qırmızısov işıq topaları divara dəyib döşəməyə düşür, ordan çarpayının üstünə atlanır, pəncərənin önünə qoyulmuş kiçik güzgüyə boylanıb yenidən evin içində ora-bura şütüyürdülər.
Divarda oynaşan kölgələri seyr etməyə başladı və bir anlığa özünü kölgə teatrında hiss etdi.
Evin kasıb interyerini təşkil edən qabaq stolu (bu stol həm də yazı masasını əvəz edirdi), iki kətil, divardan asılmış qeyri-müəyyən məzmunlu təsvir, ortalığa sərilmiş, bütün rəngləri soluxmuş sarı-boz rəngli (rənglərin hamısı solanda, yerdə yalnız bir rəng qalır -boz) kilim və bu kimi bir çox xırda-para şeylər bu teatrın rekvizitlərinə çevrilmişdilər.
Bu gecə verilən adsız tamaşanın, az qala insan kimi xorna çəkən iti nəzərə almasaq, tək bir seyirçisi vardı, o da onun özü idi.
Bunu əslində «kölgə kinosu» da adlandırmaq olardı. Ancaq, belə bir sənət növünün olub-olmamasından onun xəbə¬ri yoxdu. O biri tərəfdən, teatr varsa, kino niyə olmasın? Ola bilsin ki, kölgə kinosu da var, sadəcə, eşitməyib, bilmir. Əgər yoxdursa demək hələ ağıl eləməyiblər. Bax, elə bu saat o, belə bir kinonun təşkili barədə çox dəyərli təkliflər verə bilər. Böyük bir zalda proyektorun əvəzinə sınıq-çatdaq bir odun peçi qoyursan. Sonra peçi əməllicə qalayırsan (bu işə tamaşaçıları da cəlb etmək olar), işıqları söndürürsən, vəssalam. Otur bax! Doğrudur, bu filmin vahid süjet xətti, nə
bilim interpretasiyası ilə bağlı müəyyən problemlər olacaq. Lakin, axı lap didaktik xarakterli, bəsit filmlərin tamaşaçıları belə bu filmlərdə yalnız öz görmək istədiklərini, yaxud görə bildiklərini görürlər. Odur ki, bu əslində uydurma problemdir!
Divardakı kölgələr get-gedə hansısa daxili bir məntiqlə anlaşmaya və bir-biri ilə ünsiyyətə girməyə başlamışdılar. Bayaqkı hərc-mərclikdən əsər-əlamət qalmamışdı. Kölgələr sanki ətə-qana dolmuş və canlanmışdılar.
Bayaqdan qoyun dərisinin üstündə xumarlanan it də sanki, evdə yad ünsürlərin varlığından duyuq düşdü və qəfildən dikəlib boğuq səslə hürməyə, hirsli-hirsli caynaq¬larıyla altındakı qoyun dərisini didişdirməyə başladı.
Bura qədər o, evdə baş verənləri qəribə bir soyuq¬qanlılıqla seyr edirdi. Lakin budur, əcaib-qəraib formalar alan kölgələrdən birisi divardan düşüb yazı masasına yaxınlaşdı və indi stolun üstündəki kağız-kuğazı o üz-bu üzünə çevirərək nə isə arayır. Digər kölgə qorxu-hürküsüz itə doğru yeriyib:
- Səsini batır, köpək, - dedi. Onun səsində hədə-qorxudan dah çox rişxənd və istehza ifadə olunurdu. Yalnız öz üstünlüyünə tam arxayın olan adamlar belə danışırlar.
İt onun səsindəki qırımı dərhal hiss elədi və quyruq-qulağını aşağı salıb, xəfifcə zingildəyərək çarpayının altına təpildi.
Yox, bu artıq kino deyildi. Təxəyyülünü tam gücü ilə işləməyə məcbur etsən belə, bu cür interaktiv kinonu təsəvvür edə bilməzsən. Kölgələrin axır-əvvəl ona da işləyəcəyini təxmin edərək qabaqlayıcı tədbirlər görməyə qərar verdi; gözlərini bərk-bərk yumub-açdı, sonra bədəninin həssas yerindən möhkəm bir çimdik qopardı və tələsik dikəlib çarpayının içində oturdu.
Lənət şeytana! Bu nə yuxuya, nə də qarabasmaya oxşayır. Nə çimdikdən, nə saçyolmasından bir şey çıxdı. Əksinə, deyəsən kölgələrin diqqətini özünə cəlb elədi. Birdən-birə dəhşətli bir qorxu vücudunu sardı, ar eləməsəydi qaçıb o da itin yanına soxulardı.
-Юzün kömək ol, Yarəb! – Bədəninə soyuq tər gəl¬mişdi, - deyəsən ağlım üstümdə deyil!
Yorğanı üstündən atıb bayıra çıxmaq istədi. Ancaq, bu nədir? Bədəni ağırlaşmış, sanki daş parçasına dönmüşdü. Əlini-ayağını hiss eləmirdi. Nə illah elədisə yerindən tərpənə bilmədi.
- Alapaça, Alapaça… - Dəhşətdən sarsılmış səsilə itini səslədi.
Alapaça sahibinin səsini eşidincə ürəkləndi. İldırım sürətilə çarpayının altından çıxıb sevincək bir az o yan-bu yana qaçdı. Sürətlə boşalan şar kimi bir xeyli xaotik hərəkətlər elədikdən sonra gəlib onun önündə dal ayaqlarının üstündə oturdu.
- Nələr olur, Alapaça? – Diqqətlə itin üzünə baxdı. Güya özünün kəsdirmədiyi bir şeyi it haradan biləcəkdi! İt sadəcə söngüyüb-şırvanır, onun əlini yalamağa çalışırdı.
O, özünü kifayət qədər ağıllı adam sayırdı. Odur ki, qorxu və təlaşın onun təmkinini vurub sıradan çıxarmasına heç cür imkan verə bilməzdi. Təmkinli olmalı! Qorxu cana kasaddır! Qorxu hissi yalnız qorxaqlar üçun nəzərdə tutulubdur. Sən isə ağıllısan. Ağıllı qorxan adam – görürsən, səslənmir.
- Hm, hm… - Divardakı kölgələrdən biri rişxəndlə gü¬lüm¬sündü, - icazə ver, sənin bu fikrinlə razılaşmayaq.
Kölgə düz onun gözlərinin içinə baxırdı.
- Amma, mən heç bir fikir söyləmədim… - O, əmin¬liklə dilləndi. Dərhal da hiss etdi ki, kölgənin yalanını tutmaq və onu suçlu çıxarmaq mümkün olmayacaq.
- Söyləmədin, ancaq fikirləşdin! – Kölgə çox arxayın idi, - fikirləşdin ki, «ağıllı qorxaq adam – görürsən, səslən¬mir», düzdürmü?
Daha inadını yeritməyin yeri deyildi. Naəlac:
- Düzdür, - dedi. – Tutaq ki, düzdür, amma, burda riş¬xənd edilməli nə var?
- O var ki, əslində, qorxaqlıq ağıllı adamların özəlliyidir. İstəsən bu barədə Tolstoydan sitat da gətirə billə¬rəm. Sənsə deyirsən ki, səslənmir.
«Tolstoydan sitat ha! Bu kölgələr özlərini nə hesab eləyirlər?» Fikirlər artıq onun iradəsinin tabeçiliyindən çıxmışdılar. Nə qədər çalışırdısa da onları bir yerə cəmləşdirə bilmirdi. Цstəlik «bu zəhirmarlar» onun fikirlərini oxuyurlar.
- Yaxşı, görürsünüz, mən sizdən zərrə qədər də qorxmuram, bu o deməkdir ki, mən ağılsız adamam?
Kölgə bir az əsəbi halda:
- Sən qorxmursan? Sən bu dəqiqə it kimi qorxursan, bəlkə də öz itindən də betər qorxursan! – dedi, ancaq, əlbəttə, bu sənin ağıllı adam olmağına dəlalət etmir.
Əğstəfürullah! Deyəsən, bunlar onu təhqir etməkdən və alçaltmaqdan belə çəkinməyəcəklər. Yox, yaxşısı budur, hələ məsələlər tam aydınlaşmayınca bütün bu olanlara təcili bir izah tapsın. Heç olmasa harasa, nəyəsə yozmaq lazımdır.
Gecənin bu qaranlığında durub kölgələrlə çənə-boğaz döyməsinə özünü heç cür inandıra bilmirdi.
Beləliklə, - o, özünü toparlamağa çalışırdı, - bu gedişa¬tın (bir az əvvəl o, bunu səfehcəsinə kino adlandırırdı) sıfır həddindən başlamaq lazımdır. Bart, Allah sənə rəhmət eləsin! Deməli, gecədir, evdə onun özüdür, bir də iti. Küncdə odun peçi yanır, peçdən düşən işıq otağın içindəki kölgələri hərəkətə gətirir, vəssalam! Yerdə qalanlar – kölgələrin insan kimi dil açıb danışmaları, onların otağa yaydığı vəhşət və sairə, bütün bunlar ritorik fiqurlardır.
Evin içindəki kölgələr artıq peçin işığından yayınmırdılar. Kölgələr işıqla çulğaşmışdılar, onlar titrəyən işıq zolağının içindən adlayıb keçir, işıq da öz növbəsində onları öz eyninə almırdı. İşıq və kölgələr indi bir araya gəlmişdilər. O, bu cür mövcüdluğun mümkünlüyünü öz gözləri ilə görürdü. Demək ki, nə Renuar, nə də Mone sadəcə təxəyyülə qapılmamışlar. Onların da bu fanidə bildikləri varmış! Hey, gidi Renuar, səvi Mone…
Yaxşı, burası bəllidir. Bəs, kölgələrin canlı varlıq kimi tərpəşəmələrinə, tərpəşmək nədir, itin üstünə çəmkirmələ¬rinə, onun kağız-kuğazını eşələmələrinə, hətta onun özüylə mükaliməyə girişmələrinə nə ad verəsən?
Başını döndərib divara sarı baxdı. Divarda bircə dənə də kölgə qalmamışdı. İndi onların hamısı peçin ətrafında halay vurub oturmuşdular. Sanki, hansısa ritual mərasimin icrasına hazırlaşırdılar. Bayaq onun fikrinə irad tutan kölgə mərəkənin başında əyləşmişdi – bu onların kahini olmalıdır.
O, yerində qurcuxmağa belə ehtiyatlanırdı. İmkanı ol¬say¬dı heç fikirləşməzdi də. Ancaq, neyləməli, bu onun əlində deyildi.
Юmründə ilk dəfə buddistlərə həsəd apardı. Onların heç olmasa nirvana kimi bir daldası var. Oraya nə cin-şayətin, nə də köl¬gə səkə bilməz.
Müsəlmanın da inzivası var, amma nolsun? Nirvanadan fərqli olaraq inziva daha çox ictimai xarakter daşıyır. Bir kimsənin inzivaya çəkilməsindən hamı xəbərdar olur, lakin onun orda hansı işlərlə uğraşmasından heç kəsin təsəvvürü olmur. Bu mənada, Nirvana daha şəffafdır. Hər kəs bilir ki, Nirvanaya dalmısan və sənin orda nə işlə məşğul olduğun, daha doğrusu heç bir işlə məşğul olmadığın da bəllidir.
Bu vaxt ona lap yaxın əyləşmiş kölgə arxaya çönərək:
- Sən hələ çoxmu qatıqlayacaqsan, - dedi.
- Qardaş, mən nə dedim, yəni nə fikirləşdim ki? – O, öz səsinin bu cür miskin çalarlar almasına özü də təəccübləndi.
Kölgə cavab əvəzinə dodağının altında mızıldandı. Bəlkə də ona söyürdü.
Amma, O da Odur – no panik! Görünür, O bu olayın yox, özünün sıfır həddini müəyyənləşdirməlidir. Bəlkə, belə olan halda bu gecədən ziyansız ötüşə bildi. İstər-istəməz «yupketçer» adlı böcəyi xatırladı. Sözün açığı belə bir böcəyin həyatda olub-olmaması barədə o, heç şey bilmirdi. Böcəyin haq¬qında Kobe Abenin bir romanından oxunmuşdu. İş bura¬sın¬dadır ki, yupketçer adi böcək deyil, onun nə ayaqları, nə qanadı, nə də başqa bir hərəkət asitəsi var. Yupketçerin əslində bunlara ehtiyacı da yoxdur, o öz ekskrementləri ilə qidalanır. Böcək o qədər gec-gec qidalanır ki, bu fasilələr zamanı mikroorqanizmlər ekskrementləri tamam çürüdüb onun təzədən yeyə biləcəyi hala salır. Yupketçer öz yerini dəyişmək istəyəndə sadəcə yumalanıb başqa bir tərəfə düşür. Belə! Yupketçerin misalında həyatın özünün sıfır həddini müəyyənləşdirmək mümkündür. Ah, bu dəqiqə O, özünü yupketçerliyə vura bilsəydi!
Kölgələr, deyəsən, ona əhəmiyyət vermirdilər artıq. Юz aralarında xısın-xısın nəsə pıçıldaşırdılar. Qoy pıçıldaşsınlar! Bu ona vəziyyəti dəyərləndirmək və yenidən saf-çürük elə¬mək üçün imkan yaradırdı.
Aha, deyəsən, nəhayət kələfin ucunu tapacaq, - bu nə kölgə kinosudur, nə də kölgə teatrı. Yəni, teatr olmağına teatrdır, amma «Berlin ansamblı» tipli teatrdır.
Brext, Allah sənə də rəhmət eləsin!
Gərək indi həmin teatr barədə bildiklərini yadına salsın. «Berlin ansamblı» - «gözün açıb özünü başqa bir yerdə görmək effekti» - Brext.
Hm! Əlbəttə, bu odur – Brextin teatrı; aktyorlar öz obrazlarından çıxırlar, publikayla təmasa girirlər, oynadıqları personajlara öz münasibətlərini bildirirlər, daha hansı oyunlardan çıxmırlar.
Vaxtilə Brexti «əllaməçi dana» adlandırdığı üçün özünü qınadı. Qızdırması birdən-birə düşən adamlar kimi bədəni sustaldı və canına əlahiddə bir rahatlıq gəldi. İndi bu evdə hər nə şey baş versəydi onun qılığını daraltmayacaqdı… Artıq, yalnızca bir şey qalırdı – kölgələrə ad vermək. Heç olmasa onla¬rın oynadıqları personajlara ad vermək lazımdır. Ancaq, nə bu çağırılmamış truppa, nə də onların hansı ssenarini oyna¬dıqları barədə onun heç təsəvvürü yoxdu. Eybi yox, kölgələri sadəcə olaraq sıralamaq mümkündür. Odur, peçin baş tərəfində oturanı «I Kölgə» adlandıraq, o bunların başbiləninə oxşayır. Onun yanındakı «II Kölgə» olsun və sairə. Ъəmi üç kölgəydi.
Sahibinin üzündən təlaş izlərinin silindiyini görən Alapa¬ça da rahatlanmışdı. İt qoyun dərisinin üstündə əvvəlki yerinə uzanıb hər ehtimala qarşı quyruğunu bulayırdı. Onun da gözü kölgələrdə idi.
Bu vaxt I Kölgə yerindən durub boğazını arıtladı. Ъisminə görə də səsi vardı – uzun və arıq.
I Kölgə – Dostlar, madam ki, güzarımız bu yerlərə düşüb, bu yerlərin, bu hənirtisinə toplaşdığımız ocağın haqqını verməsək yaxşı düşməz. Baxmayaraq ki, ev sahibi bayaqdan qorxudan sarısını udub, dili-dodağı təpiyib.
II Kölgə – (Çılğınlıqla) Əşşi, mən bu tayfanı tanıyıram. Юzlərini sənətkar adlandırırlar, yazırlar, yazırlar… Çox vaxt da yazdıqlarının otu-suyu olmur, elə-belə – itotu, bağa¬yarpağı. Ona-buna ağıl verməkdən pərgardılar, özlərinə gə¬lən¬də özlərindən də miskini yoxdur…
III Kölgə – Dayan, bir dəqiqə! Mən bunlara bu cür qiymət vermənin əleyhinəyəm. Unutma ki, bizi də bu tayfa yaradıbdır.
I Kölgə – Yaradıblar ha?! Yaradan Allahdır, bunlarsa hərdən başları eyş-işrətdən açılanda nəyisə görüblər, eşibdiblər, bu görüb-eşitdiklərini kağıza köçürüblər, vəssalam.
II Kölgə – Tamamilə doğrudur, - guya Nyutonun başına alma düşməsəydi cazibə qanunu olmayacaqdımı? Əlbəttə olacaqdı, bu qanun həmişə olub. Biz də eləcə, kölgələr olaraq həmişə var olmuşuq. Bu tip cüvəllağılar isə (əlilə ona işarət etdi), imkan versən mıxlarını lap buluda dirəyərlər. Bunlar özlərini Allaha şərik bilirlər. Müşriklər!
III Kölgə – Hm!.. Dostlar, dostlar… Ъazibə qanunu, söz¬süz ki, Nyuton tərəfindən yaradılmayıb. Bəs, telefon necə? Bell olmasaydı telefon olacaqdımı?
II Kölgə – Gəlin məsələləri qarışdırmayaq. Bell telefonu icad eləyib, kəşf etməyib. Qanun isə, ağzında deyirsən, heç kəs tərəfindən icad edilə bilməz. İstər yüz min Nyuton yığışsın heç bir qanun icad edə bilməzlər.
III Kölgə – Bax, indi gəldik mətləb üstünə. Əlbəttə, qanunları qoyan o kişidir (əlilə yuxarını göstərdi və biz ömrü boyu bu qanunlardan xəbərsiz də yaşaya bilərik…
I Kölgə – Artıq danışmağa ehtiyac yoxdur. Məsələ aydındır – Allah yaradır, alimlər onun yaratdıqlarını kəşf eləyirlər, ixtiraçılar icad edirlər, yerdə qalanlar isə ağızlarını açıb gözləyirlər. Ancaq bu adamın (başıyla ona işarə vurdu) statusu mənimçün yenə qaranlıq qaldı…
Söhbətin fırnlanıb təzədən onun üstünə gəldiyini görüncə əhvalı yenidən pozuldu. Bunların qəsdi nədir? Onun statusu heç özünə də məlum deyildi; yazıçıdır – qurtardı getdi. Onun kimiləri minlərlə, bəlkə də milyonlardır. Bəs, bu andırlar niyə məhz ondan tutublar? Цmumiyyətlə, nə status¬bazlıqdır? Ona qalsa bunların bəs, bunların özləri kimdilər? Olmaz olsun bu sabahsız gecələri… Dayan, dayan, bayaq II Kölgənin dedikləri nəydi – «unutma ki, bizi də bu tayfa yara¬dıbdır» canım, bunların surətlər olması gərək. Elədir ki, var, bunlar obrazlardır; obraz-
lar: bax, o uzundraz Don Kixotdur ki, var. Gərək bunu o, «dostlar, madam ki, güzarımız bu yerlərə düşüb» deyəndə anlayaydı. Əlinə alnını döyəclədi. Onun təri¬fini saxlamağa cəhd eləyən kölgə isə Martin İdenə oxşayır. Bu onun gün altında yanıb qaralmış üz-gözündən, küçə döyüş¬lərində çəkişib-bərkimiş vücudundan da görünür. Nahaqdan ona qahmar çıxmır ki, it itin ayağını basmaz. İt demiş, dönüb itinə nəzər saldı.
Alapaça uzanıb başını qabaq ayaqlarının üstündə qoymuşdu, elə bil o da nə barədəsə fikirləşirdi. Yaxşı, bəs III Kölgə kimdir? Bunu nə qədər çalışsa da, bir kimsəyə oxşada bilmədi. Eybi yox, onun kimliyi də müəyyənləşər…
Kölgələr öz söhbətlərində idilər. Onlar bir-birini öz adıyla çağırmağa başlayanda O öz qənaətində yanılmadığını yəqinləşdirdi.
II Kölgə – Mənə bax, Don, bu ədiblər ki var (barmğıyla onu göstərərək, ikrahla üzünü turşutdu), bunların barəsində mənim fikrim həmişə birmənalı olub. Bunların buraxdığı «xoruzlar» ın misli-bərabəri olmur.
Martin – Xoruzsuz dünyanın nə ləzzəti!?...
II Kölgə – Əlbəttə, sən elə deyəcəksən, çünki sən özün də bu zümrədənsən.
Don – (üzünü II Kölgəyə tutaraq) Nəyi nəzərdə tutur¬san?
II Kölgə – Götürək Servantesi. O, sənin sərgüzəştlərini qələ¬mə alıb, elədir?
Don – (Səbirsizliklə), hə, nə olsun axı?
II Kölgə – O olsun ki, yüz illərdir insanlar sənə gülürlər, gülürlər – bu hələ heç nə demək deyil, uğunub gedirlər. Юzün bilərsən, bəlkə bu heç sənin vecinə də deyil, amma iş burasındadır ki, adamlar gülə-gülə öyrəncəli olublar. İndi onlar bizim hamımıza gülürlər. Onlar üçün fərqi yoxdur – Don Kixot olsun, yaxud Martin İden və ya tutalım Jan. Gülürlər vəssalam!
Martin – Gülürlər gülsünlər də, qardaş, durub indi onların ağzını tutası deyilik ki?!
II Kölgə – Əlbəttə, tutası deyilik! Mən sadəcə demək istəyirəm ki, insanların bərəsi pozulub…
Don – Bərəsi pozulmuş insandan nə gözləyirsən. Bunlar, ümumiyyətlə, belədirlər – bir nəfərin başına gülürsən, o səni öldürməyə hazır olur. Hamıya birdən gülürsən – onlar da dönüb sənə gülürlər. Mən bunu öz təcrübəmdən bilirəm. Allahın Sançosuyla məzələnəndə hind toyuğu kimi qızarıb-bozarırdı, mənim üzümə qayıdırdı. Amma, indi mən hamıyla birdən məzələnirəm. Fikrimi tutursan?
Artıq II Kölgənin də şəxsiyyəti müəyyənləşmişdi – bu Jan idi. A.Kamyunun «Anlaşılmazlıq» ından azıb gəlmiş Jan. Yazığın bəxti heç gətirməmişdi. O, öz anası və çox sevdiyi bacısı tərəfindən qətlə yetirilmişdi. Onun güləyən insanlığa qarşı bu öfkəsi, anlaşılmazlıq ucbatından öldürülmüş bir adamın çox anlaşıqlı bir davranışıdır, əslində! Ancaq varlığın absurd, vecsiz bir nəsnə olduğunu qlobal-tarixi planda deyil, öz şəxsi həyatında bu qədər ciddi münasibət bəsləməsi heç yerinə düşmür!
Görəsən, bunları bir araya gətirən nədir? Bura nə məqsədlə yığışıblar, niyə məhz onun yanında toplaşıblar? Hiss elədi ki, qulaqları əməllicə şəklənib – eynən Alapaçanın qulaqları kimi! Onun qulaqları avtonom rejimdə başında fırlanan suallara cavab axtarırdı. Yüz yol fikirləşincə bircə yol eşit!
Jan – Məni o qədər də əbləh sayma, Don! Gülmək də var, gülmək də! Bunlarınkı gülmək yox, hırıldamaqdır, bu, razılaşın ki, gülməkdən daha çox qrimasaya oxşayır.
Martin – Gülürlər gülsünlər da, qardaş…
Jan – Əğstəfürullah, sil vo ple! Sən bu sözləri əzbər¬ləmisən, nədir? Başqa sözün yoxdursa, dilini dinməz yerinə qoy, səni zorla danışdıran var?
Don – Durun, day bu olmadı ki?! Jan, əziz qardaşım, sənə imkan versələr dünyanı qana çalxalayarsan…
Jan – Mən, yoxsa siz? Dilimin qədəyini açmağa macal tapmamış ağzımdan vurursunuz, bu insafa-dinə sığan şeydi? (Martinə sarı çevrilir). Sən bu qədər loyal, pofiqist bir adam idinsə özünü niyə öldürürdün? Hı? Əgər dünya vecinə deyildisə niyə özünü yazıq eləyirdin? Nədi, nədi Rufu buna verməyiblər! Nə bilim, adamların hamısı pula satıblar! Hi-hi-hi…
Martin – Mənə bax, deyəsən sən mənnən məzələnmək istəyirsən axı?!
Don – Bu yazıq ömründə bir dəfə məzələnmək istəyib, onda da vurub cəhənnəmə vasil eləyiblər.
Martin – nə demək istəyirsən, Don?
Don – Mən sənin ölümün barədə düşünürəm. Axı, sən özünü nə Ruf üçün, nə də başqa-başqa fısdırınqı şeylər üçün öldürməmişəm, elə deyil?
Martin – Bəs niyə öldürmüşəm?
Don – Onunçün ki, sən artıq yaza bilmirdin, bitmişdin. Bunun adını nə qoyursan qoy, amma məsələ mən dediyim kimidir. Sən artıq dalına yağ sürtülmüş xoruza çevrilmişdin.
Martin – Dalına nə sürtülmüş xoruz kimi?
Don – Yağ, adi kərə yağı!
Martin – Bir şey başa düşdümsə dədəmə lənət.
Don – Burda qaranlıq heç nə yoxdur – ən bərk gedən xoruzun dalına yağ sürt, sonra bax, gör onun adi toyuqdan fərqi olacaq, ya yox? Bu xoruz heç banlamayacaq da, hələ qalan şeyləri demirəm. Dədə-baba metodudur, sınanmış üsuldur.
Martin – Tutalım, sən deyən kimidir, ancaq bunun mənə nə dəxli?
Don – Necə yəni? Bəs, deyirsən yazıçıyam, təxəyyülün hanı? Dalına yağ çəkilmiş xoruza döndün, yəni pullandın, varın-halın artdı, bir sözlə tükləndin, yağlandın. Bundan sonra sən banlaya bilərdinmi? Yox! Юz aramızdır, banlaya bilməyən xoruz olmaqdansa, ölüm yeydir. Sən də, əslində yaxşısını seçmisən, düz də eləmisən, afərin!
Araya süküt çökdü. Martin çiynini-başını aşağı salıb oturmuşdu. Bir xeyli beləcə kirimişcə oturduqdan sonra üsulca dönüb ona tərəf baxdı. Sanki, bu deyilənlər barədə onun fikrini öyrənmək istəyirdi. Ancaq, onun özü bu dəqiqə Martinin nələr fikirləşdiyini bilmək üçün çox şeyindən keçərdi! Belə baxanda, Donun dedikləri ilə razılaşmaq da olardı – insanlar bəzəkli şeyləri çox sevirlər. Martin də, hansı qabiliyyətin yiyəsi olmasına baxmayaraq insandır, sıradan bir insan. O üzdən onun öz bayağı ölümünə qırçınlı bir don geydirmək fikrinə düşməsi ehtimalı olduqca böyükdür. Əgər, o bu nədənlə öz şirin canına qıyıbsa, bu, doğrudan da gülməlidir. Юlüm hələ heç kəsə heç nəyi sübut eləyə bilməyib! Amma, öz aramızdı, deyəsən Don ifrata varır. Martin ömrünün axırınacan banlamağa qadir adamdı, zəif, ölüvay səslə də olsa banlayacaqdı. Görünür, o sadəcə miyanəçi olmaq istəməyib. Görəndə ki, həyatın intensivliyi artır, əski zamanların sabit, dəyişməz dəyərləri əriyib bir-birinə qarışır, o, bu həftəbecərin bir hissəciyinə çevrilməkdənsə bir qırağa çəkilib elə Martin kimi qalmağa üstünlük verib.
İlk dəfəydi ki, özündən utandı: hansı səbəbdən olur-olsun, bu Martinin özünün seçdiyi ölüm idi. Onun kimi minayəçi olub, özünü epiqonçuluğa təslim etməkdənsə ölüm yaxşı deyilmi?! Əslində, burda gülməli heç nə yoxdur. Yəni Martinin bu hərəkəti nə qədər gülməlidirsə, o qədər də ağlamalıdır. O, həyatda gülə-gülə ağlayan adamlardan çox görmüşdü, bunun üçün Kvant nəzəriyyəsinə – filana müraciət etmək lazım deyil…
Martin – Əlbəttə, insan öləndən sonra, illah da intihar edibsə, onun ölümünü yüz yerə yozmaq olar. Necə ki, siz yozursunuz! Amma, o nəsnə ki, bir-bir insanları torpağın altına daşıyır, onun belə insan xislətini dəyişdirməyə qüdrəti çatmaz…
Don – Sözünün mustafasını de…
Martin – Nə deyim? İnsan xisləti dediyin – substan¬siyadır. Onun da ən sərt qaydalarından biri öz gözündə tiri görməkdir.
Jan – Цrəyimizi üzmə, Martin, nə deyəsisən de, qurtar¬sın getsin! O hansı tirdir ki, biz öz gözümüzdə görmürük?
Martin – (Jana) Mənim sənnən işim yoxdur. Səninki qəzavü-qədərdir, taledir. Sən və yaxud bir ev heyvanı, fərq et¬məz (qıyğacı nəzərlərlə iti süzür). Sən heç bir toyuğun, qoyu¬nun, nə bilim öküzün öz əcəli ilə öyündüyünün şahidi olmus¬anmı? Yox! Ola da bilməzsən. Çünki, onlar öz halal əcəllərini bir qarın yeməyə satmışlar, bilmirəm, bəlkə də buna məcbur ediliblər, amma, fakt odur ki, ev sahibinin kefi haçan istəsə onlardan birini kəsib həzm-rabedən keçirir. Heç qocalmağa belə imkan vermir – qocanın həm əti şit olur, həm də canı amanat. Amanat can isə hər an bədəni tərk edib gedə bilər ki, belə halda murdar olmuş sayılırsan. Anladın?
Jan – Anladım, heyvan deyiləm… «Sənnən işim yox¬dur» dedin, amma ürəyini boşaltdın ha… yəqin, bu da bir ədəbi priyomdur, hə, Martin? Vergilinin şəyirdinin işlətdiyi priyomlardandır.
Martin - O nə priyomdur elə?
Jan – Vergilinin vaxtında Gözəl Yelena haqqında rəva¬yətlər toqquşdurmaq dəb imiş. Onun şəyirdi də bir şey yazıb gətirir. Vergili oxuyub başa vurduqdan sonra qayıdır ki: «Əziz şəyird, əsər pis alınmayıb, ancaq qüsursuz da deyil. Məsələn, sən Yelenanı gözəl, füsunkar bir qadın kimi təsvir edə bilməmisən, bunun əvəzində onu zəngin, ləl-cəvahirin içində üzən birisi kimi qələmə vermisən».
Martin – Hə, nolsun?
Jan – Dayan, altıaylıq olma! Şəyird qayıdır ki, ustad, bu mə¬nim bacarıqsız olmağıma dəlalət etmir axı, bu bir ədəbi priyomdur… Biləsən ki, mənim kimi kəmtale (əslində, bu da mübahisəli məsələdir) birisi olub, çərxi-fələyin əlində haleyman olmaq sənin kimi fəndgir olmaqdan daha üstündür mənimçün. Bunu yəqin bil.
Martin – Bu hardan çıxdı? Siz niyə beyninizə yerləşdir¬misiniz ki, mən səmimi adam ola bilmərəm? Ona qalsa bəs, kimdir bu həyatda səmimi adam, sən? Yoxsa Don? Ya başqa birisi?
Don – Hm!... Юldük, əlindən qurtulduq, amma dilindən qurtulammadıq.O ki başlamısan, Martin, de gəlsin. Maraqlıdır, məni necə təsnif edəcəksən? Amma bir az tez ol, çünki vaxt daralır.
Eşikdə ilk xoruz banı eşidildi. Doğrudan da, vaxt gör nə tez gəlib keçir! «Qonaqlar» indi bayaqki kimi qorxunc və vahiməli görünmürdülər. O, artıq özünü sərbəst, hətta xeyli cəsarətli hiss edirdi. İstəsəydi bu saat itini qısqırdıb bunlardan birini tutdura da bilərdi. Ancaq bunu eləmədi. Bir başqa vaxt olsaydı bəlkə də qısqırdardı, indi yox. Kim deyib ki, tamaşanın əvvəlində divardan asılmış tüfəng tamaşa ərzində mütləq atmalıdır? O biri tərəfdən kölgələrin başı özlərinə qarışıb, onsuz da onunla heç bir işləri yoxdur. İndiki vaxtda durub qəhrəmanlıq eləməyin heç yeri deyildi.
Martin – Yaxşı, özün istədin. Sənin məsələn lap qəliz¬dir, Don. Sənin cismani dünyadakı davranışın bilirsən nəyi xatırladır?
Don – Nəyi?
Martin – Hər dəfə səni görəndə mən podiumda özünü və əndrəbadi geyimləri nümayiş etdirən həyatda bir şeyə yaramır, eləcə də sənin davranışın bir kor quruşa dəyməz. Saqqal buraxıb özünə ağıllı görkəm verməklə iş bitmir…
Sənin¬ki, dostum… sonra da deyirsiniz ki, adamlar bizə gülürlər…
Artıq tamam işıqlaşmışdı. Kölgələr kiçilib bap-balaca ol¬muş¬dular. Rəngləri tamam avazımışdı. Jan araya çökən naqolaylığı yox etmək üçünmü, ya nəsə həvəssiz-həvəssiz dilləndi:
- Bilirsinizmi, bizə niyə gülürlər?
O biri kölgələr sual dolu baxışlarını onun üzünə dikdilər.
- Ona görə ki, biz hamımız ölmüşük. Fərqi yoxdur necə – məni öz anamla bacım öldürüb. Martin özünü öldürüb. Don isə öz əcəli ilə ölüb. İnsanlar üçün isə vacib olan odur ki, biz ölmüşük, vəssalam. Bu binəva isə, - barmağını ona tuşladı – ana¬dan elə meyid doğulub. İnsanların, dostlar, bu həyatda başı¬na gəlmədiyi bir şey qalmayıb. İndi elə-belə gülmək onlara ləzzət eləmir. Odur ki, bir az da şifahi dünyaya gülməyi qərarlaşdırıblar. Bizim kimi verbal varlıqlara…
Az sonra alov söndü, kölgələri civə damlaları kimi bir yerə toparlandı və sanki hansısa görünməz bir əl onları götürüb sobanın içinə fırlatdı…

Комментариев нет:

Отправить комментарий