воскресенье, 11 июля 2010 г.

NECƏ Kİ… (şeirlər)


necə ki, insan ətiylə qidalanır ümidlər,
gorükməz od misalı can evində.
necə ki, birər səni tərk etdilər
adsız bir köşədə,
meyxana dibində.

necə ki, ayagı çidarlı atın
astarında özgə bir at cıdırır.
necə ki, tamu tarlasıdır həyatın-
hər nə əksən təkrar zəqqum bitirir.

elə də yazdıqların, pozduqların.
bir ümid,
bir dost kimi,
qardaş kimi,
astar üzündəki sən, tamu tarlası təkin,
yazıb pozduqların, pozub yazdıqların.

necə ki, çarmıxa çəkdilər İsanı
sırtına yükləndiyi xaçın üstə,
bir-bir hamını hesaba çəkəcəklər
yazdıqlarının, pozduqlarının üstə.

necə ki, insan ətiylə qidalanır ümidlər,
görükməz od misalı can evində,
necə ki, birər səni tərk etdilər
adsız bir köşədə,
meyxana dibində…

Etimad Başkeçid

пятница, 9 июля 2010 г.

YUXUSUZLUQ (hekayə)


Vaqif İBRAHİMOĞLUYA

…Gecə-gecədən keçmişdi. Kəndin üstünə çökmüş qaranlıq bir-bir hamını yuxuya vermişdi və indi ara-sıra, xala xətrin qalmasın hürüşən itlər də, sanki burada kimin hakimi-mütləq oldüğunun fərqindəydilər. Bəlkə haradasa, uzaqlarda səsli-küylü qaranlıqlar da olur, ancaq bu kəndin qaranlığı səssizzliyi sevirdi. Gecələr hərdən o qədər qaranlıq olurdu ki, bu zülmətə nə yol yürüyərdi, nə güllə sıxsan güllə işləyərdi…
O, pəncərədən içəri zillənmiş qaranlıqdan gözünü çəkib ehmalca böyrü üstə çevrildi. Elə bil, səs salıb çarpayının ayaq tərəfində, qoyun dərisisnin üstündə uyumuş itin yuxusuna haram qatmaq istəmirdi. Alapaça (itin adıdır) iri, qıllı çoban iti idi. Doğrusu, bu kənddə, lap elə ətraf kəndlərdə də evdə it saxlamaq nədir, heç bu barədə düşünmək belə adamların ağlına gəlmirdi. Əvvəla, bu mentalitetə uyuşmayan məşğuliy¬yət saylır, ikincisi də bura şəhər deyil, kənddir, kəndin ierarxiya sistemində isə hər bir canlının öz məxsusi yeri var və bu qaydanın pozulması üçün heç bir müstəsna hal nəzərdə tutul¬mur. Əlbəttə, bu cür məsələlərdən Alapaçanın başı çıx¬mır. Və əgər, günlərin bir gün qulağından tutub eşiyə fırlatsa¬lar belə, Alapaçanın onu yumşaq qoyun dərisinin üstündə yatmaq imtiyazından məhrum etmiş adama qarşı heç bir kini-küdurəti olmayacaq. Kin nə vaxt yaranır? Kiminsə tərəfindən təhqir olunanda və hansısa səbəblər üzündən bunun qarşılığını verə bilməyəndə. Alapaça isə canlıların elə bir zümrəsinə aiddir ki, onları istəsən də təhqir edə bilməzsən. Yəni, sən öz aləmində onları təhqir edə bilərsən, ancaq, əgər onlar bunu anlamırlarsa day, bunun harası təhqir oldu?!
Köhnə odun peçinin çatdaqlarından sızan qırmızısov işıq topaları divara dəyib döşəməyə düşür, ordan çarpayının üstünə atlanır, pəncərənin önünə qoyulmuş kiçik güzgüyə boylanıb yenidən evin içində ora-bura şütüyürdülər.
Divarda oynaşan kölgələri seyr etməyə başladı və bir anlığa özünü kölgə teatrında hiss etdi.
Evin kasıb interyerini təşkil edən qabaq stolu (bu stol həm də yazı masasını əvəz edirdi), iki kətil, divardan asılmış qeyri-müəyyən məzmunlu təsvir, ortalığa sərilmiş, bütün rəngləri soluxmuş sarı-boz rəngli (rənglərin hamısı solanda, yerdə yalnız bir rəng qalır -boz) kilim və bu kimi bir çox xırda-para şeylər bu teatrın rekvizitlərinə çevrilmişdilər.
Bu gecə verilən adsız tamaşanın, az qala insan kimi xorna çəkən iti nəzərə almasaq, tək bir seyirçisi vardı, o da onun özü idi.
Bunu əslində «kölgə kinosu» da adlandırmaq olardı. Ancaq, belə bir sənət növünün olub-olmamasından onun xəbə¬ri yoxdu. O biri tərəfdən, teatr varsa, kino niyə olmasın? Ola bilsin ki, kölgə kinosu da var, sadəcə, eşitməyib, bilmir. Əgər yoxdursa demək hələ ağıl eləməyiblər. Bax, elə bu saat o, belə bir kinonun təşkili barədə çox dəyərli təkliflər verə bilər. Böyük bir zalda proyektorun əvəzinə sınıq-çatdaq bir odun peçi qoyursan. Sonra peçi əməllicə qalayırsan (bu işə tamaşaçıları da cəlb etmək olar), işıqları söndürürsən, vəssalam. Otur bax! Doğrudur, bu filmin vahid süjet xətti, nə
bilim interpretasiyası ilə bağlı müəyyən problemlər olacaq. Lakin, axı lap didaktik xarakterli, bəsit filmlərin tamaşaçıları belə bu filmlərdə yalnız öz görmək istədiklərini, yaxud görə bildiklərini görürlər. Odur ki, bu əslində uydurma problemdir!
Divardakı kölgələr get-gedə hansısa daxili bir məntiqlə anlaşmaya və bir-biri ilə ünsiyyətə girməyə başlamışdılar. Bayaqkı hərc-mərclikdən əsər-əlamət qalmamışdı. Kölgələr sanki ətə-qana dolmuş və canlanmışdılar.
Bayaqdan qoyun dərisinin üstündə xumarlanan it də sanki, evdə yad ünsürlərin varlığından duyuq düşdü və qəfildən dikəlib boğuq səslə hürməyə, hirsli-hirsli caynaq¬larıyla altındakı qoyun dərisini didişdirməyə başladı.
Bura qədər o, evdə baş verənləri qəribə bir soyuq¬qanlılıqla seyr edirdi. Lakin budur, əcaib-qəraib formalar alan kölgələrdən birisi divardan düşüb yazı masasına yaxınlaşdı və indi stolun üstündəki kağız-kuğazı o üz-bu üzünə çevirərək nə isə arayır. Digər kölgə qorxu-hürküsüz itə doğru yeriyib:
- Səsini batır, köpək, - dedi. Onun səsində hədə-qorxudan dah çox rişxənd və istehza ifadə olunurdu. Yalnız öz üstünlüyünə tam arxayın olan adamlar belə danışırlar.
İt onun səsindəki qırımı dərhal hiss elədi və quyruq-qulağını aşağı salıb, xəfifcə zingildəyərək çarpayının altına təpildi.
Yox, bu artıq kino deyildi. Təxəyyülünü tam gücü ilə işləməyə məcbur etsən belə, bu cür interaktiv kinonu təsəvvür edə bilməzsən. Kölgələrin axır-əvvəl ona da işləyəcəyini təxmin edərək qabaqlayıcı tədbirlər görməyə qərar verdi; gözlərini bərk-bərk yumub-açdı, sonra bədəninin həssas yerindən möhkəm bir çimdik qopardı və tələsik dikəlib çarpayının içində oturdu.
Lənət şeytana! Bu nə yuxuya, nə də qarabasmaya oxşayır. Nə çimdikdən, nə saçyolmasından bir şey çıxdı. Əksinə, deyəsən kölgələrin diqqətini özünə cəlb elədi. Birdən-birə dəhşətli bir qorxu vücudunu sardı, ar eləməsəydi qaçıb o da itin yanına soxulardı.
-Юzün kömək ol, Yarəb! – Bədəninə soyuq tər gəl¬mişdi, - deyəsən ağlım üstümdə deyil!
Yorğanı üstündən atıb bayıra çıxmaq istədi. Ancaq, bu nədir? Bədəni ağırlaşmış, sanki daş parçasına dönmüşdü. Əlini-ayağını hiss eləmirdi. Nə illah elədisə yerindən tərpənə bilmədi.
- Alapaça, Alapaça… - Dəhşətdən sarsılmış səsilə itini səslədi.
Alapaça sahibinin səsini eşidincə ürəkləndi. İldırım sürətilə çarpayının altından çıxıb sevincək bir az o yan-bu yana qaçdı. Sürətlə boşalan şar kimi bir xeyli xaotik hərəkətlər elədikdən sonra gəlib onun önündə dal ayaqlarının üstündə oturdu.
- Nələr olur, Alapaça? – Diqqətlə itin üzünə baxdı. Güya özünün kəsdirmədiyi bir şeyi it haradan biləcəkdi! İt sadəcə söngüyüb-şırvanır, onun əlini yalamağa çalışırdı.
O, özünü kifayət qədər ağıllı adam sayırdı. Odur ki, qorxu və təlaşın onun təmkinini vurub sıradan çıxarmasına heç cür imkan verə bilməzdi. Təmkinli olmalı! Qorxu cana kasaddır! Qorxu hissi yalnız qorxaqlar üçun nəzərdə tutulubdur. Sən isə ağıllısan. Ağıllı qorxan adam – görürsən, səslənmir.
- Hm, hm… - Divardakı kölgələrdən biri rişxəndlə gü¬lüm¬sündü, - icazə ver, sənin bu fikrinlə razılaşmayaq.
Kölgə düz onun gözlərinin içinə baxırdı.
- Amma, mən heç bir fikir söyləmədim… - O, əmin¬liklə dilləndi. Dərhal da hiss etdi ki, kölgənin yalanını tutmaq və onu suçlu çıxarmaq mümkün olmayacaq.
- Söyləmədin, ancaq fikirləşdin! – Kölgə çox arxayın idi, - fikirləşdin ki, «ağıllı qorxaq adam – görürsən, səslən¬mir», düzdürmü?
Daha inadını yeritməyin yeri deyildi. Naəlac:
- Düzdür, - dedi. – Tutaq ki, düzdür, amma, burda riş¬xənd edilməli nə var?
- O var ki, əslində, qorxaqlıq ağıllı adamların özəlliyidir. İstəsən bu barədə Tolstoydan sitat da gətirə billə¬rəm. Sənsə deyirsən ki, səslənmir.
«Tolstoydan sitat ha! Bu kölgələr özlərini nə hesab eləyirlər?» Fikirlər artıq onun iradəsinin tabeçiliyindən çıxmışdılar. Nə qədər çalışırdısa da onları bir yerə cəmləşdirə bilmirdi. Цstəlik «bu zəhirmarlar» onun fikirlərini oxuyurlar.
- Yaxşı, görürsünüz, mən sizdən zərrə qədər də qorxmuram, bu o deməkdir ki, mən ağılsız adamam?
Kölgə bir az əsəbi halda:
- Sən qorxmursan? Sən bu dəqiqə it kimi qorxursan, bəlkə də öz itindən də betər qorxursan! – dedi, ancaq, əlbəttə, bu sənin ağıllı adam olmağına dəlalət etmir.
Əğstəfürullah! Deyəsən, bunlar onu təhqir etməkdən və alçaltmaqdan belə çəkinməyəcəklər. Yox, yaxşısı budur, hələ məsələlər tam aydınlaşmayınca bütün bu olanlara təcili bir izah tapsın. Heç olmasa harasa, nəyəsə yozmaq lazımdır.
Gecənin bu qaranlığında durub kölgələrlə çənə-boğaz döyməsinə özünü heç cür inandıra bilmirdi.
Beləliklə, - o, özünü toparlamağa çalışırdı, - bu gedişa¬tın (bir az əvvəl o, bunu səfehcəsinə kino adlandırırdı) sıfır həddindən başlamaq lazımdır. Bart, Allah sənə rəhmət eləsin! Deməli, gecədir, evdə onun özüdür, bir də iti. Küncdə odun peçi yanır, peçdən düşən işıq otağın içindəki kölgələri hərəkətə gətirir, vəssalam! Yerdə qalanlar – kölgələrin insan kimi dil açıb danışmaları, onların otağa yaydığı vəhşət və sairə, bütün bunlar ritorik fiqurlardır.
Evin içindəki kölgələr artıq peçin işığından yayınmırdılar. Kölgələr işıqla çulğaşmışdılar, onlar titrəyən işıq zolağının içindən adlayıb keçir, işıq da öz növbəsində onları öz eyninə almırdı. İşıq və kölgələr indi bir araya gəlmişdilər. O, bu cür mövcüdluğun mümkünlüyünü öz gözləri ilə görürdü. Demək ki, nə Renuar, nə də Mone sadəcə təxəyyülə qapılmamışlar. Onların da bu fanidə bildikləri varmış! Hey, gidi Renuar, səvi Mone…
Yaxşı, burası bəllidir. Bəs, kölgələrin canlı varlıq kimi tərpəşəmələrinə, tərpəşmək nədir, itin üstünə çəmkirmələ¬rinə, onun kağız-kuğazını eşələmələrinə, hətta onun özüylə mükaliməyə girişmələrinə nə ad verəsən?
Başını döndərib divara sarı baxdı. Divarda bircə dənə də kölgə qalmamışdı. İndi onların hamısı peçin ətrafında halay vurub oturmuşdular. Sanki, hansısa ritual mərasimin icrasına hazırlaşırdılar. Bayaq onun fikrinə irad tutan kölgə mərəkənin başında əyləşmişdi – bu onların kahini olmalıdır.
O, yerində qurcuxmağa belə ehtiyatlanırdı. İmkanı ol¬say¬dı heç fikirləşməzdi də. Ancaq, neyləməli, bu onun əlində deyildi.
Юmründə ilk dəfə buddistlərə həsəd apardı. Onların heç olmasa nirvana kimi bir daldası var. Oraya nə cin-şayətin, nə də köl¬gə səkə bilməz.
Müsəlmanın da inzivası var, amma nolsun? Nirvanadan fərqli olaraq inziva daha çox ictimai xarakter daşıyır. Bir kimsənin inzivaya çəkilməsindən hamı xəbərdar olur, lakin onun orda hansı işlərlə uğraşmasından heç kəsin təsəvvürü olmur. Bu mənada, Nirvana daha şəffafdır. Hər kəs bilir ki, Nirvanaya dalmısan və sənin orda nə işlə məşğul olduğun, daha doğrusu heç bir işlə məşğul olmadığın da bəllidir.
Bu vaxt ona lap yaxın əyləşmiş kölgə arxaya çönərək:
- Sən hələ çoxmu qatıqlayacaqsan, - dedi.
- Qardaş, mən nə dedim, yəni nə fikirləşdim ki? – O, öz səsinin bu cür miskin çalarlar almasına özü də təəccübləndi.
Kölgə cavab əvəzinə dodağının altında mızıldandı. Bəlkə də ona söyürdü.
Amma, O da Odur – no panik! Görünür, O bu olayın yox, özünün sıfır həddini müəyyənləşdirməlidir. Bəlkə, belə olan halda bu gecədən ziyansız ötüşə bildi. İstər-istəməz «yupketçer» adlı böcəyi xatırladı. Sözün açığı belə bir böcəyin həyatda olub-olmaması barədə o, heç şey bilmirdi. Böcəyin haq¬qında Kobe Abenin bir romanından oxunmuşdu. İş bura¬sın¬dadır ki, yupketçer adi böcək deyil, onun nə ayaqları, nə qanadı, nə də başqa bir hərəkət asitəsi var. Yupketçerin əslində bunlara ehtiyacı da yoxdur, o öz ekskrementləri ilə qidalanır. Böcək o qədər gec-gec qidalanır ki, bu fasilələr zamanı mikroorqanizmlər ekskrementləri tamam çürüdüb onun təzədən yeyə biləcəyi hala salır. Yupketçer öz yerini dəyişmək istəyəndə sadəcə yumalanıb başqa bir tərəfə düşür. Belə! Yupketçerin misalında həyatın özünün sıfır həddini müəyyənləşdirmək mümkündür. Ah, bu dəqiqə O, özünü yupketçerliyə vura bilsəydi!
Kölgələr, deyəsən, ona əhəmiyyət vermirdilər artıq. Юz aralarında xısın-xısın nəsə pıçıldaşırdılar. Qoy pıçıldaşsınlar! Bu ona vəziyyəti dəyərləndirmək və yenidən saf-çürük elə¬mək üçün imkan yaradırdı.
Aha, deyəsən, nəhayət kələfin ucunu tapacaq, - bu nə kölgə kinosudur, nə də kölgə teatrı. Yəni, teatr olmağına teatrdır, amma «Berlin ansamblı» tipli teatrdır.
Brext, Allah sənə də rəhmət eləsin!
Gərək indi həmin teatr barədə bildiklərini yadına salsın. «Berlin ansamblı» - «gözün açıb özünü başqa bir yerdə görmək effekti» - Brext.
Hm! Əlbəttə, bu odur – Brextin teatrı; aktyorlar öz obrazlarından çıxırlar, publikayla təmasa girirlər, oynadıqları personajlara öz münasibətlərini bildirirlər, daha hansı oyunlardan çıxmırlar.
Vaxtilə Brexti «əllaməçi dana» adlandırdığı üçün özünü qınadı. Qızdırması birdən-birə düşən adamlar kimi bədəni sustaldı və canına əlahiddə bir rahatlıq gəldi. İndi bu evdə hər nə şey baş versəydi onun qılığını daraltmayacaqdı… Artıq, yalnızca bir şey qalırdı – kölgələrə ad vermək. Heç olmasa onla¬rın oynadıqları personajlara ad vermək lazımdır. Ancaq, nə bu çağırılmamış truppa, nə də onların hansı ssenarini oyna¬dıqları barədə onun heç təsəvvürü yoxdu. Eybi yox, kölgələri sadəcə olaraq sıralamaq mümkündür. Odur, peçin baş tərəfində oturanı «I Kölgə» adlandıraq, o bunların başbiləninə oxşayır. Onun yanındakı «II Kölgə» olsun və sairə. Ъəmi üç kölgəydi.
Sahibinin üzündən təlaş izlərinin silindiyini görən Alapa¬ça da rahatlanmışdı. İt qoyun dərisinin üstündə əvvəlki yerinə uzanıb hər ehtimala qarşı quyruğunu bulayırdı. Onun da gözü kölgələrdə idi.
Bu vaxt I Kölgə yerindən durub boğazını arıtladı. Ъisminə görə də səsi vardı – uzun və arıq.
I Kölgə – Dostlar, madam ki, güzarımız bu yerlərə düşüb, bu yerlərin, bu hənirtisinə toplaşdığımız ocağın haqqını verməsək yaxşı düşməz. Baxmayaraq ki, ev sahibi bayaqdan qorxudan sarısını udub, dili-dodağı təpiyib.
II Kölgə – (Çılğınlıqla) Əşşi, mən bu tayfanı tanıyıram. Юzlərini sənətkar adlandırırlar, yazırlar, yazırlar… Çox vaxt da yazdıqlarının otu-suyu olmur, elə-belə – itotu, bağa¬yarpağı. Ona-buna ağıl verməkdən pərgardılar, özlərinə gə¬lən¬də özlərindən də miskini yoxdur…
III Kölgə – Dayan, bir dəqiqə! Mən bunlara bu cür qiymət vermənin əleyhinəyəm. Unutma ki, bizi də bu tayfa yaradıbdır.
I Kölgə – Yaradıblar ha?! Yaradan Allahdır, bunlarsa hərdən başları eyş-işrətdən açılanda nəyisə görüblər, eşibdiblər, bu görüb-eşitdiklərini kağıza köçürüblər, vəssalam.
II Kölgə – Tamamilə doğrudur, - guya Nyutonun başına alma düşməsəydi cazibə qanunu olmayacaqdımı? Əlbəttə olacaqdı, bu qanun həmişə olub. Biz də eləcə, kölgələr olaraq həmişə var olmuşuq. Bu tip cüvəllağılar isə (əlilə ona işarət etdi), imkan versən mıxlarını lap buluda dirəyərlər. Bunlar özlərini Allaha şərik bilirlər. Müşriklər!
III Kölgə – Hm!.. Dostlar, dostlar… Ъazibə qanunu, söz¬süz ki, Nyuton tərəfindən yaradılmayıb. Bəs, telefon necə? Bell olmasaydı telefon olacaqdımı?
II Kölgə – Gəlin məsələləri qarışdırmayaq. Bell telefonu icad eləyib, kəşf etməyib. Qanun isə, ağzında deyirsən, heç kəs tərəfindən icad edilə bilməz. İstər yüz min Nyuton yığışsın heç bir qanun icad edə bilməzlər.
III Kölgə – Bax, indi gəldik mətləb üstünə. Əlbəttə, qanunları qoyan o kişidir (əlilə yuxarını göstərdi və biz ömrü boyu bu qanunlardan xəbərsiz də yaşaya bilərik…
I Kölgə – Artıq danışmağa ehtiyac yoxdur. Məsələ aydındır – Allah yaradır, alimlər onun yaratdıqlarını kəşf eləyirlər, ixtiraçılar icad edirlər, yerdə qalanlar isə ağızlarını açıb gözləyirlər. Ancaq bu adamın (başıyla ona işarə vurdu) statusu mənimçün yenə qaranlıq qaldı…
Söhbətin fırnlanıb təzədən onun üstünə gəldiyini görüncə əhvalı yenidən pozuldu. Bunların qəsdi nədir? Onun statusu heç özünə də məlum deyildi; yazıçıdır – qurtardı getdi. Onun kimiləri minlərlə, bəlkə də milyonlardır. Bəs, bu andırlar niyə məhz ondan tutublar? Цmumiyyətlə, nə status¬bazlıqdır? Ona qalsa bunların bəs, bunların özləri kimdilər? Olmaz olsun bu sabahsız gecələri… Dayan, dayan, bayaq II Kölgənin dedikləri nəydi – «unutma ki, bizi də bu tayfa yara¬dıbdır» canım, bunların surətlər olması gərək. Elədir ki, var, bunlar obrazlardır; obraz-
lar: bax, o uzundraz Don Kixotdur ki, var. Gərək bunu o, «dostlar, madam ki, güzarımız bu yerlərə düşüb» deyəndə anlayaydı. Əlinə alnını döyəclədi. Onun təri¬fini saxlamağa cəhd eləyən kölgə isə Martin İdenə oxşayır. Bu onun gün altında yanıb qaralmış üz-gözündən, küçə döyüş¬lərində çəkişib-bərkimiş vücudundan da görünür. Nahaqdan ona qahmar çıxmır ki, it itin ayağını basmaz. İt demiş, dönüb itinə nəzər saldı.
Alapaça uzanıb başını qabaq ayaqlarının üstündə qoymuşdu, elə bil o da nə barədəsə fikirləşirdi. Yaxşı, bəs III Kölgə kimdir? Bunu nə qədər çalışsa da, bir kimsəyə oxşada bilmədi. Eybi yox, onun kimliyi də müəyyənləşər…
Kölgələr öz söhbətlərində idilər. Onlar bir-birini öz adıyla çağırmağa başlayanda O öz qənaətində yanılmadığını yəqinləşdirdi.
II Kölgə – Mənə bax, Don, bu ədiblər ki var (barmğıyla onu göstərərək, ikrahla üzünü turşutdu), bunların barəsində mənim fikrim həmişə birmənalı olub. Bunların buraxdığı «xoruzlar» ın misli-bərabəri olmur.
Martin – Xoruzsuz dünyanın nə ləzzəti!?...
II Kölgə – Əlbəttə, sən elə deyəcəksən, çünki sən özün də bu zümrədənsən.
Don – (üzünü II Kölgəyə tutaraq) Nəyi nəzərdə tutur¬san?
II Kölgə – Götürək Servantesi. O, sənin sərgüzəştlərini qələ¬mə alıb, elədir?
Don – (Səbirsizliklə), hə, nə olsun axı?
II Kölgə – O olsun ki, yüz illərdir insanlar sənə gülürlər, gülürlər – bu hələ heç nə demək deyil, uğunub gedirlər. Юzün bilərsən, bəlkə bu heç sənin vecinə də deyil, amma iş burasındadır ki, adamlar gülə-gülə öyrəncəli olublar. İndi onlar bizim hamımıza gülürlər. Onlar üçün fərqi yoxdur – Don Kixot olsun, yaxud Martin İden və ya tutalım Jan. Gülürlər vəssalam!
Martin – Gülürlər gülsünlər də, qardaş, durub indi onların ağzını tutası deyilik ki?!
II Kölgə – Əlbəttə, tutası deyilik! Mən sadəcə demək istəyirəm ki, insanların bərəsi pozulub…
Don – Bərəsi pozulmuş insandan nə gözləyirsən. Bunlar, ümumiyyətlə, belədirlər – bir nəfərin başına gülürsən, o səni öldürməyə hazır olur. Hamıya birdən gülürsən – onlar da dönüb sənə gülürlər. Mən bunu öz təcrübəmdən bilirəm. Allahın Sançosuyla məzələnəndə hind toyuğu kimi qızarıb-bozarırdı, mənim üzümə qayıdırdı. Amma, indi mən hamıyla birdən məzələnirəm. Fikrimi tutursan?
Artıq II Kölgənin də şəxsiyyəti müəyyənləşmişdi – bu Jan idi. A.Kamyunun «Anlaşılmazlıq» ından azıb gəlmiş Jan. Yazığın bəxti heç gətirməmişdi. O, öz anası və çox sevdiyi bacısı tərəfindən qətlə yetirilmişdi. Onun güləyən insanlığa qarşı bu öfkəsi, anlaşılmazlıq ucbatından öldürülmüş bir adamın çox anlaşıqlı bir davranışıdır, əslində! Ancaq varlığın absurd, vecsiz bir nəsnə olduğunu qlobal-tarixi planda deyil, öz şəxsi həyatında bu qədər ciddi münasibət bəsləməsi heç yerinə düşmür!
Görəsən, bunları bir araya gətirən nədir? Bura nə məqsədlə yığışıblar, niyə məhz onun yanında toplaşıblar? Hiss elədi ki, qulaqları əməllicə şəklənib – eynən Alapaçanın qulaqları kimi! Onun qulaqları avtonom rejimdə başında fırlanan suallara cavab axtarırdı. Yüz yol fikirləşincə bircə yol eşit!
Jan – Məni o qədər də əbləh sayma, Don! Gülmək də var, gülmək də! Bunlarınkı gülmək yox, hırıldamaqdır, bu, razılaşın ki, gülməkdən daha çox qrimasaya oxşayır.
Martin – Gülürlər gülsünlər da, qardaş…
Jan – Əğstəfürullah, sil vo ple! Sən bu sözləri əzbər¬ləmisən, nədir? Başqa sözün yoxdursa, dilini dinməz yerinə qoy, səni zorla danışdıran var?
Don – Durun, day bu olmadı ki?! Jan, əziz qardaşım, sənə imkan versələr dünyanı qana çalxalayarsan…
Jan – Mən, yoxsa siz? Dilimin qədəyini açmağa macal tapmamış ağzımdan vurursunuz, bu insafa-dinə sığan şeydi? (Martinə sarı çevrilir). Sən bu qədər loyal, pofiqist bir adam idinsə özünü niyə öldürürdün? Hı? Əgər dünya vecinə deyildisə niyə özünü yazıq eləyirdin? Nədi, nədi Rufu buna verməyiblər! Nə bilim, adamların hamısı pula satıblar! Hi-hi-hi…
Martin – Mənə bax, deyəsən sən mənnən məzələnmək istəyirsən axı?!
Don – Bu yazıq ömründə bir dəfə məzələnmək istəyib, onda da vurub cəhənnəmə vasil eləyiblər.
Martin – nə demək istəyirsən, Don?
Don – Mən sənin ölümün barədə düşünürəm. Axı, sən özünü nə Ruf üçün, nə də başqa-başqa fısdırınqı şeylər üçün öldürməmişəm, elə deyil?
Martin – Bəs niyə öldürmüşəm?
Don – Onunçün ki, sən artıq yaza bilmirdin, bitmişdin. Bunun adını nə qoyursan qoy, amma məsələ mən dediyim kimidir. Sən artıq dalına yağ sürtülmüş xoruza çevrilmişdin.
Martin – Dalına nə sürtülmüş xoruz kimi?
Don – Yağ, adi kərə yağı!
Martin – Bir şey başa düşdümsə dədəmə lənət.
Don – Burda qaranlıq heç nə yoxdur – ən bərk gedən xoruzun dalına yağ sürt, sonra bax, gör onun adi toyuqdan fərqi olacaq, ya yox? Bu xoruz heç banlamayacaq da, hələ qalan şeyləri demirəm. Dədə-baba metodudur, sınanmış üsuldur.
Martin – Tutalım, sən deyən kimidir, ancaq bunun mənə nə dəxli?
Don – Necə yəni? Bəs, deyirsən yazıçıyam, təxəyyülün hanı? Dalına yağ çəkilmiş xoruza döndün, yəni pullandın, varın-halın artdı, bir sözlə tükləndin, yağlandın. Bundan sonra sən banlaya bilərdinmi? Yox! Юz aramızdır, banlaya bilməyən xoruz olmaqdansa, ölüm yeydir. Sən də, əslində yaxşısını seçmisən, düz də eləmisən, afərin!
Araya süküt çökdü. Martin çiynini-başını aşağı salıb oturmuşdu. Bir xeyli beləcə kirimişcə oturduqdan sonra üsulca dönüb ona tərəf baxdı. Sanki, bu deyilənlər barədə onun fikrini öyrənmək istəyirdi. Ancaq, onun özü bu dəqiqə Martinin nələr fikirləşdiyini bilmək üçün çox şeyindən keçərdi! Belə baxanda, Donun dedikləri ilə razılaşmaq da olardı – insanlar bəzəkli şeyləri çox sevirlər. Martin də, hansı qabiliyyətin yiyəsi olmasına baxmayaraq insandır, sıradan bir insan. O üzdən onun öz bayağı ölümünə qırçınlı bir don geydirmək fikrinə düşməsi ehtimalı olduqca böyükdür. Əgər, o bu nədənlə öz şirin canına qıyıbsa, bu, doğrudan da gülməlidir. Юlüm hələ heç kəsə heç nəyi sübut eləyə bilməyib! Amma, öz aramızdı, deyəsən Don ifrata varır. Martin ömrünün axırınacan banlamağa qadir adamdı, zəif, ölüvay səslə də olsa banlayacaqdı. Görünür, o sadəcə miyanəçi olmaq istəməyib. Görəndə ki, həyatın intensivliyi artır, əski zamanların sabit, dəyişməz dəyərləri əriyib bir-birinə qarışır, o, bu həftəbecərin bir hissəciyinə çevrilməkdənsə bir qırağa çəkilib elə Martin kimi qalmağa üstünlük verib.
İlk dəfəydi ki, özündən utandı: hansı səbəbdən olur-olsun, bu Martinin özünün seçdiyi ölüm idi. Onun kimi minayəçi olub, özünü epiqonçuluğa təslim etməkdənsə ölüm yaxşı deyilmi?! Əslində, burda gülməli heç nə yoxdur. Yəni Martinin bu hərəkəti nə qədər gülməlidirsə, o qədər də ağlamalıdır. O, həyatda gülə-gülə ağlayan adamlardan çox görmüşdü, bunun üçün Kvant nəzəriyyəsinə – filana müraciət etmək lazım deyil…
Martin – Əlbəttə, insan öləndən sonra, illah da intihar edibsə, onun ölümünü yüz yerə yozmaq olar. Necə ki, siz yozursunuz! Amma, o nəsnə ki, bir-bir insanları torpağın altına daşıyır, onun belə insan xislətini dəyişdirməyə qüdrəti çatmaz…
Don – Sözünün mustafasını de…
Martin – Nə deyim? İnsan xisləti dediyin – substan¬siyadır. Onun da ən sərt qaydalarından biri öz gözündə tiri görməkdir.
Jan – Цrəyimizi üzmə, Martin, nə deyəsisən de, qurtar¬sın getsin! O hansı tirdir ki, biz öz gözümüzdə görmürük?
Martin – (Jana) Mənim sənnən işim yoxdur. Səninki qəzavü-qədərdir, taledir. Sən və yaxud bir ev heyvanı, fərq et¬məz (qıyğacı nəzərlərlə iti süzür). Sən heç bir toyuğun, qoyu¬nun, nə bilim öküzün öz əcəli ilə öyündüyünün şahidi olmus¬anmı? Yox! Ola da bilməzsən. Çünki, onlar öz halal əcəllərini bir qarın yeməyə satmışlar, bilmirəm, bəlkə də buna məcbur ediliblər, amma, fakt odur ki, ev sahibinin kefi haçan istəsə onlardan birini kəsib həzm-rabedən keçirir. Heç qocalmağa belə imkan vermir – qocanın həm əti şit olur, həm də canı amanat. Amanat can isə hər an bədəni tərk edib gedə bilər ki, belə halda murdar olmuş sayılırsan. Anladın?
Jan – Anladım, heyvan deyiləm… «Sənnən işim yox¬dur» dedin, amma ürəyini boşaltdın ha… yəqin, bu da bir ədəbi priyomdur, hə, Martin? Vergilinin şəyirdinin işlətdiyi priyomlardandır.
Martin - O nə priyomdur elə?
Jan – Vergilinin vaxtında Gözəl Yelena haqqında rəva¬yətlər toqquşdurmaq dəb imiş. Onun şəyirdi də bir şey yazıb gətirir. Vergili oxuyub başa vurduqdan sonra qayıdır ki: «Əziz şəyird, əsər pis alınmayıb, ancaq qüsursuz da deyil. Məsələn, sən Yelenanı gözəl, füsunkar bir qadın kimi təsvir edə bilməmisən, bunun əvəzində onu zəngin, ləl-cəvahirin içində üzən birisi kimi qələmə vermisən».
Martin – Hə, nolsun?
Jan – Dayan, altıaylıq olma! Şəyird qayıdır ki, ustad, bu mə¬nim bacarıqsız olmağıma dəlalət etmir axı, bu bir ədəbi priyomdur… Biləsən ki, mənim kimi kəmtale (əslində, bu da mübahisəli məsələdir) birisi olub, çərxi-fələyin əlində haleyman olmaq sənin kimi fəndgir olmaqdan daha üstündür mənimçün. Bunu yəqin bil.
Martin – Bu hardan çıxdı? Siz niyə beyninizə yerləşdir¬misiniz ki, mən səmimi adam ola bilmərəm? Ona qalsa bəs, kimdir bu həyatda səmimi adam, sən? Yoxsa Don? Ya başqa birisi?
Don – Hm!... Юldük, əlindən qurtulduq, amma dilindən qurtulammadıq.O ki başlamısan, Martin, de gəlsin. Maraqlıdır, məni necə təsnif edəcəksən? Amma bir az tez ol, çünki vaxt daralır.
Eşikdə ilk xoruz banı eşidildi. Doğrudan da, vaxt gör nə tez gəlib keçir! «Qonaqlar» indi bayaqki kimi qorxunc və vahiməli görünmürdülər. O, artıq özünü sərbəst, hətta xeyli cəsarətli hiss edirdi. İstəsəydi bu saat itini qısqırdıb bunlardan birini tutdura da bilərdi. Ancaq bunu eləmədi. Bir başqa vaxt olsaydı bəlkə də qısqırdardı, indi yox. Kim deyib ki, tamaşanın əvvəlində divardan asılmış tüfəng tamaşa ərzində mütləq atmalıdır? O biri tərəfdən kölgələrin başı özlərinə qarışıb, onsuz da onunla heç bir işləri yoxdur. İndiki vaxtda durub qəhrəmanlıq eləməyin heç yeri deyildi.
Martin – Yaxşı, özün istədin. Sənin məsələn lap qəliz¬dir, Don. Sənin cismani dünyadakı davranışın bilirsən nəyi xatırladır?
Don – Nəyi?
Martin – Hər dəfə səni görəndə mən podiumda özünü və əndrəbadi geyimləri nümayiş etdirən həyatda bir şeyə yaramır, eləcə də sənin davranışın bir kor quruşa dəyməz. Saqqal buraxıb özünə ağıllı görkəm verməklə iş bitmir…
Sənin¬ki, dostum… sonra da deyirsiniz ki, adamlar bizə gülürlər…
Artıq tamam işıqlaşmışdı. Kölgələr kiçilib bap-balaca ol¬muş¬dular. Rəngləri tamam avazımışdı. Jan araya çökən naqolaylığı yox etmək üçünmü, ya nəsə həvəssiz-həvəssiz dilləndi:
- Bilirsinizmi, bizə niyə gülürlər?
O biri kölgələr sual dolu baxışlarını onun üzünə dikdilər.
- Ona görə ki, biz hamımız ölmüşük. Fərqi yoxdur necə – məni öz anamla bacım öldürüb. Martin özünü öldürüb. Don isə öz əcəli ilə ölüb. İnsanlar üçün isə vacib olan odur ki, biz ölmüşük, vəssalam. Bu binəva isə, - barmağını ona tuşladı – ana¬dan elə meyid doğulub. İnsanların, dostlar, bu həyatda başı¬na gəlmədiyi bir şey qalmayıb. İndi elə-belə gülmək onlara ləzzət eləmir. Odur ki, bir az da şifahi dünyaya gülməyi qərarlaşdırıblar. Bizim kimi verbal varlıqlara…
Az sonra alov söndü, kölgələri civə damlaları kimi bir yerə toparlandı və sanki hansısa görünməz bir əl onları götürüb sobanın içinə fırlatdı…

VELOSİPED (hekayə)



…Məsəldə deyilir ki, «Balam əzizdi, ancaq tərbiyəsi ondan da əzizdi». Biz Azərbaycanlılar təlim-tərbiyə barədə, bəlkə də bütün dünya xalqlarının cəmindən də çox danışırıq. Ancaq, insafən, bizdə yalnız danışmaqla kifayətlənməyən, boş vaxtlarını büsbütün uşaqların tərbiyəsinə həsr eləyən adamlar da az deyil. Başkeçiddə uzun illər məktəb direktoru işləmiş atam da məhz bu qəbildən olan insandı. Doğrudur, atamın siz deyən elə də çox boş vaxtı olmurdu, hətta altıncı-bazar günləri də işində-gücündəydi. Buna görə də biz bütün günü hansı hoqqalardan çıxmışıq, neyləmişik – bu barədə o, heç xəbər tutmaya da bilərdi. Kiçik qardaşım Mehdi olmasaydı, bu elə belə də olardı! Atam Mehdiyə öz atasının adını qoymuşdu, amma o daha çox ana babamıza çəkmişdi – ağzında söz durmurdu. Atam addımını içəri qoyan kimi başlayırdı. Gün ərzində nə olub, nə olmayıb, birinin üstünə də beşini qoyub kişiyə nəql eləyirdi. Xəbərçiliyin üstündə bu balaca boşboğazı neçə dəfə çırpmışdım, ilan dili çıxarıb dilə tutmuşdum, yenə xeyri yox idi. Bilmirəm, rus məktəbində oxuduğundandı, ya nədəndisə Mehdi dildən çox pərgardı. Onda o, ikinci sinfə gedirdi, mən ondan cəmisi üç yaş böyük idim. Atam onu həmişə çox səbrlə dinləyirdi. Onun rus və türk sözlərindən ibarət həftəbecər nitqi kimi desən hövsələdən çıxarardı, ancaq atam hirslənmək əvəzinə adətən onun başını sığallayar, yaxud nəvazişlə saçlarını qarışdırardı. Amma, vay onda ki, atamın kefi olmurdu. Belə halda o, Mehdinin monoloqundan əldə etdiyi məlumatları əsas tutaraq üz-gözünü daha da turşudar, qohum-qonşunun bəzi nümunəvi uşaqlarını misal gətirərək uzun-uzadı öyüd verməyə girişərdi. Sonra isə bir qayda olaraq, söz verərdi ki, indən belə bizim tərbiyəmizlə çox yaxından məşğul olacaq. Çünki görünür anamız bizim başımızı buraxıb və belə getsə bizdən adam olmayacaq.
* * *
Doğrudur, atam «sizin başınızı buraxıb» deyə dolayısıyla anama hər dəfə irad tuturdu, ancaq bu dəfəki iradında o qədər də haqsız deyildi. O, sonuncu dəfə (aşağıda sizə nəql edəcəyim hadisədən bir az əvvəl) bizim başımıza ağıl qoyan vaxt anam artıq üçüncü uşağa hamilə idi və daha çox öz canının hayında idi. Son günlər isə anam artıq özünə yer tapa bilmirdi. O, gah çarpayıya uzanır, üstündən az keç¬məmiş hıqqına-hıqqına durur, gah da eşiyə çıxıb içəri girir və bütün günü beləcə var-gəl eləyirdi. Hərdən atamla xısın-xısın söhbətləşirdilər. Mən artıq beşinci sinfə keçmişdim və bəzi şeylər barədə təsəvvürüm vardı. Bilirdim ki, uzağı bir həftə¬yə, on günə evdə daha bir insan peyda olacaq.
O axşam atamın kefsizliyi bütün hamımıza sirayət et¬miş¬di və ən çox da mısmırığını sallayan Mehdi idi. Uşaq olsa da bilirdi ki, bu danlaqdan sonra hələ bir müddət atamdan heç nə xahiş edə bilməyəcək. Xüsusən də velosiped arzusu hələ bir xeyli gözündə qalacaq. O, kirimişcə kitab-dəftərini götü¬rüb peçin qırağında əyləşdi, dodaqlarını tərpədə-tərpədə ürə¬yin¬də oxumağa başladı.
- Sənə deməmişəmmi oxuyanda dodaqlarını tərpətmə, - atam bu dəqiqə hər şeydən narazı idi, – bu nə vərdişdi səndə?

* * *
Hekayətimizə davam etməzdən qabaq bir qədər də Mehdinin velosipedə olan həvəsindən danışaq. Desəm ki, o yatanda yuxusunda da velosiped görurdü, heç nə deməmiş olaram. Mehdi yeri düşdü-düşmədi, azacıq fürsət eləyən kimi velosipeddən söz açırdı. O, müxtəlif qəzet və jurnallardan kəsib götürdüyü, yalnız velosiped fotolarından ibarət böyük bir kolleksiya toplamışdı və bu sərvətini məktəb çantasının gözündə saxlayırdı.
Orasını da deyim ki, Mehdi danışıb-danışıb kiriyən uşaqlardan deyildi, ana babam kimi hər vəchlə inadını yeritməyə çalışırdı. Baxmayaraq ki, çox gözəl bilirdi – atam özü istəməsə onun üzünü yenmək müşkül məsələdir. Mehdinin ardı-arası kəsilməyən həmləvari tələblərinin qarşı¬sın¬da duruş gətirməyən anam da sonda onun tərəfinə keçdi:
- Sən Allah, buna bir velosiped al, canımıza doydurdu bizi!
Atam hələm-hələm öz mövqelərini əldən verməzdi. Odur ki, ötkəm səslə:
- Hələ vaxtı deyil! – dedi.
- Niyə vaxtı deyil? Yekə uşaqdır, velosiped al, sürsün. Ъanımıza doyduq day!
Anamın da bu məsələdə israr etməsi qüvvələr nisbətinin Mehdinin xeyrinə dəyişməsindən xəbər verirdi. Buna görə də atam, «hələ vaxtı deyil» deməklə yaxasını qurtara bilməyəcəkdi. O, nəhayət, öz arqumentini səsləndir¬məliydi:
- Başa düş, bu uşağın tərbiyəsinə pis təsir eləyər. Vaxtı gələndə alarıq, nolub, qaçaqaçdı?
Bəli, tərbiyədən söz düşdüsə atamla söhbəti uzatmağa dəyməz. O müəllimdir və bu məsələdə nəyin necə eləməli ol¬du¬ğunu çox yaxşı bilir. Bəlkə də Başkeçiddə hamıdan yaxşı bilir. Çünki, həm də o elə-belə müəllim deyil, direktordur. Təlim-tərbiyə işindən başı çıxmayan adamı gətirib bu boyda məktəbə direktor qoyardılarmı? Yox!
Atamın rədd cavabından Mehdidən çox bəlkə də mən məyus oldum. Boynuma alıram ki, Mehdidən zəhləm getsə də ona velosiped alınacağı günü mən də səbirsizliklə gözlə¬yirdim…
* * *
Bu söhbətin üstündən bir aya yaxın vaxt keçmişdi və bu müddət ərzində Mehdi bir dəfə də olsun ağzını açıb velosiped barədə danışmamışdı. Ancaq mən Mehdini çox yaxşı tanıyır¬dım və bilirdim ki o, belə asanlıqla təslim olmayacaq. Цstəlik, macal eləyən kimi onu sancmaq, lağa qoymaq fürsətini də əldən vermirdim ki, birdən yarası qaysaqlanar, velosiped sevdasından vaz keçər. Hər səhər yuxudan ayılan kimi atam eşitməsin deyə oğrun səslə Mehdiyə tərəf səslənirdim:
- Mişel, olar velosipedini götürüm? Çox vacib işim var!
Mehdidən səs çıxmırdı. Mən isə ona yalançı ürək-dirək verməyə başlayırdım:
- Eybi yox, Mişel, böyüyərsən, işləyib pul qazanarsan, özünə əntiqə bir velosiped alarsan. Düzdür, yekə kişinin velosipeddə gəzməsi bir az naqolay işdir. Amma neyləməli, velosipedi alıb özünə göz dağı eləməyəcəksən ki…?
O, özünü elə göstərirdi ki, güya bu kinayəli sözlər onun heç vecinə də deyil.
* * *
Bir gün həyətimizdəki armud ağacının altında oturub armud yeyirdim. Mehdi, əlində əzik-üzük bir kağız parçası, mənə yaxınlaşdı. Kağızı mənə uzadıb:
- Al, bir bunu oxu, - dedi.
Oxudum. Rus dilində yazılmış çox qəliz bir cümlə idi.
- Bu nədi belə?
- Tərcümə eləyə bilərsən? – o, üzümə diqqət kəsil¬mişdi. Sifətində güclə seziləcək ironiya vardı. Цzünün ifadə¬sin¬də «sən girən kol deyil, dostum» yazılmışdı.
Höcətə düşüb:
- Bunu tərcümə eləməyə nə var ki? – dedim, – İkicə dəqiqəyə eləyərəm!
- Elə görək. Eləyə bilsən – afərin.
İki dəqiqə iki saat çəkdi. Evdə nə qədər lüğət-filan vardı, hamısını ortalığa çəkdik. Nəhayət ki, cümlənin başını-ayağını yağmaq mümkün oldu. Hərcənd, cümlə Azərbaycan dilində də ruscada olduğundan az qəliz alınmadı. Mehdi cümlənin Azərbaycan variantını ciddi-cəhdlə köçürüb kağızı şalvarının cibinə qoydu və stolun arxasından qalxaraq:
- Mənə velosiped alsalar, kefin istəyən qədər sürərsən, - dedi, – sənə kişi kimi söz verirəm!
Yəqin ki, bu sözu o minnətdarlıq əlaməti olaraq dedi. Bu cümlənin velosipedə dəxli olub-olmaması barədə sorğu¬ları¬ma isə nə illah elədim cavab vermədi.
* * *
Axşam tərəfi idi. Mətbəxdə stolun arxasında dövrələmə oturub çay içirdik. Onda anamın hamiləliyi o qədər də bilin¬mirdi. Bizimlə deyib-gülür, zarafatlaşırdı. Atam üzünü Mehdiyə tutub dedi:
- Mehdi, qoy dərslər qurtarsın, sənə velosiped alaca¬ğam. Mütləq alacağam, danışdıq?
Mehdi dinmədi. Atam bütün müəllimlər kimi sualının cavabsız qalmasını xoşlamırdı.
- Sənə söz deyirəm, danışdıq?
- Yox! Mən indi istəyirəm.
Atam onun ağzını yamsıladı:
- Mən indi istəyirəm. Bəs sənin dərslərini kim oxuyacaq?
Mehdi söz altında qalan oğul deyildi:
- Axı sən mənə velosiped almamısan, hardan bilirsən ki, velosipedim olsa dərslərimi pis oxuyacağam?
- Bir şey bilməsəm demərəm. Bu söhbət qurtardı, yay gəlsin sənə velosiped alarıq.
Mehdi bir qədər yerində qurcuxdu. Sanki qətiyyətini toparlayırdı. Bir-bir hamımızı süzüb baxışlarını atamın üzündə saxladı:
- Ata, bilirsən sən kimsən?
Atam xeyli təəccüblə onun üzünə baxdı:
- Kim?
- Yalnız öz şüurunu yeganə gərçəklik hesab edən və obyektiv varlığı danan ifrat subyektiv idealist!
Mən yerimdə quruyub qaldım. Bu bir neçə gün bundan əvvəl min bir əziyyətlə tərcümə elədiyimiz cümləydi. Bir an mənə elə gəldi ki, hamı mənə baxır, özümü nə qədər cəmləməyə çalışsam da yanaqlarım səyriməyə başladı və məni soyuq tər basdı. Amma indi bütün diqqət Mehdinin üstündə cəmləşmişdi. Atam da soyuqqanlı görünməyə çalışırdı. Bir qədər susduqdan sonra:
- Belə de! Ъavan oğlan, siz niyə elə fikirləşirsiniz ki, mən ifrat subyektiv idealistəm? – Dedi. O, Mehdiyə «siz» deyə müraciət edirdi, sanki bununla ona çox ciddi tərəf-müqabil kimi hörmət bəslədiyinin altını çizirdi.
- Ona görə ki, dünyanın gedişatı sənin üçün heç nədir, bu gedişat haqqında sənin öz təssəvvürlərin isə hər şey… Yəni, səninçün! ...
Anam da mənim kimi matdım-matdım gah atamın, gah da Mehdinin üzünə baxırdı. Aşkar görünürdü ki, bu mükali¬mədən qətiyyən bir şey anlamır.
- Belə de! Yaxşı «obyektiv varlıq» deyəndə siz nəyi nəzərdə tutursunuz? – Atam siqaretindən bir qullab vurub Mehdinin başının üstündən havaya püflədi.
Bu yerdə Mehdi dərsini pis hazırlamış uşaqlar kimi suçuxdu və devikməyə başladı.
- Obyektiv… varlıq… - O, indi birdən-birə çox yüksək not götürmüş müğənniyə bənzəyirdi. Mahnının arxasını gətirə bilmirdi.
- Siz Allah, siz nədən danışırsınız? – Anamın səsi Mehdinin qanının arasına girdi, - müsəlman dilində niyə danışmırsınız?
Atam özünü o yerə qoymadı:
- Heç, - dedi, - oğlun demək istəyir ki, velosiped alma¬maq¬da mən düzgün iş tutmuram…
Nə isə… Çay dəstgahı qurtardı. Atam mətbəxdən çıxha¬çıxda çevrilib Mehdiyə doğru səsləndi:
- Mehdi, Məmiş əminə deyərsən ki, ifrat subyektiv idealist onun özüdür.
Bu sözləri deyərkən onun üzündən məmnunluq hissi duyulurdu. Sanki kiməsə özünü aldatmağa imkan verməyib.

* * *
Əziz oxucum, bu yerdə mən Məmiş əmimdən söz açmasam heç şübhəsiz hekayətimiz yarımçıq alına bilər.
Məmiş əmi atamın kiçik qardaşıydı, adı Məhəmməd idi, ancaq bütün kənd onu «Məmiş» deyə çağırırdı. Atamdan fərqli olaraq Məmiş əmi bolluca yeyib-içən və yeri düşəndə dava salmağı xoşlayan bir adamdı. Məmiş əminin kənddə çəkinəcəyi bir adam vardısa, o da atamdı. Kənd adamları vaxtaşırı Məmiş əminin əlindən atama şikayətə gəlirdilər, atam da öz növbəsində onları əmin etməyə çalışırdı ki, bir işdi olub, innən belə olmaz. Adamlar əkilib gedəndən sonra isə ya məni, ya da Mehdini göndərib Məmiş əmini bizə çağırtdırırdı. Məmiş əmi handan-hana ayağını sürüyə-sürüyə gəlirdi və atam arxa otağa salıb onunla uzun-uzun söhbətlər aparırdı. Amma, Məmiş əmi də Məmiş əmiydi, bildiyini babasına verən adam deyildi. Bu söhbətlərin sonunda heç nə olmamış kimi hamılıqla oturub çay içərkən o, atamın gözündən yayınaraq bizə bic-bic göz vurur, başıyla yüngülcə atam tərəfə işarə edərək altdan-altdan gülümsünürdü. Bu zaman mənim Məmiş əmiyə olan rəğbətim birə-on artırdı, mənə elə gəlirdi ki, biz gizlin orden yaratmışıq və bu ordenin fəaliyyətindən bizim üçümüzdən başqa heç kəsin xəbəri yoxdur.
Məmiş əmini kənd camaatından fərqləndirən bir şey də vardı- bu onun «Villis» markalı maşınının olması idi. Başkeçid kimi bir yerdə adamın «Villis» i olması nə deməkdir, bunu siz heç təsəvvürünüzə də gətirə bilmərsiniz. Xüsusən də qış aylarında, yolu-rizi qar basan vaxtlarda Başkeçid dünyadan tamam təcrid olunmuş vəziyyətə düşürdü, gündə bir dəfə kəndə gələn «Paz» da haralardasa ilişib qalırdı və bu zaman adamların hayına gələ biləcək yeganə nəqliyyyat vasitəsi Məmiş əminin «Villis»i olurdu. Qış gələndə Məmiş əminin çiçəyi çırtlayırdı. Kəndin üstünə quşbaşı qar ələyəndə isə onun kefinə kef çatdırmaq olmazdı. Belə vaxtların birində Məmiş əmi demişdi:
- Göydən qar yox, manat yağır, manat!
Bu sözləri Məmiş əmi elə-belə demirdi. Qarlı qış günlərində o öz «Villis» ini səhər tezdən sürüb düz kəndin ortasında saxlayırdı və suya qarmaq atmış təcrübəli balıqçı kimi səbr və təmkinlə gözləyirdi. Rayon mərkəzində iş dalınca getməli olan adamların bir qismi avtobus şoferinin və hökumətin adresinə söyüş-qarğış fırlada-fırlada dağılışırdı.
Yerdə qalanlar isə yenə Məmiş əminin ayağına gəlməli olurdular. Onun isə «taksa» sı hər kəsə bəlli idi – rayon mərkəzinə qədər olan otuz qəpiklik yola o, nə az nə çox hərədən düz bir manat alırdı. Bir manat deyəndə çaşma, əziz oxucum, o vaxtın bir manatı bizim «şirvana» bərabər bir şey idi, bəlkə ondan da çoxdu.
«Göydən qar yox, manat yağır» ifadəsi qanadlı frazaya çevrilmişdi, kənddə qar yağmağa başlayan kimi hamı bir-birinə «yenə möhkəm manat yağacaq deyəsən» deyirdi. Yadımdadır, atam ilk dəfə bu deyimin kimə məxsus olduğunu biləndə necə bərk əsəbiləşmişdi. «Bu nə tərbiyəsiz adamdı, a kişi, bu kimə oxşadı belə» deyə onun qarasında nə ki var deyinmişdi.
Məmiş əminin dostluğu ən çox Mehdiylə tuturdu. Ata¬mın narazılıqlarına baxmayaraq tez-tez onu özüylə götürürdü, hətta ona «Villis» in rolunu tutmağı da öyrətmişdi. O, Mehdinin ona oxşadığını deyirdi, hərçənd mən nə qədər fəhm eləmişdimsə də onların sifətində elə bir oxşarlıq görə bilmə¬mişdim…
Mehdiylə əmimin bu cür sıcaq münasibətlərini nəzərə alsaq, sözsüz ki, atam öz zənnində yanılmamışdı – Mehdini məhz o təlimatlandırmışdı. Yoxsa Mehdi hara, «obyektiv gerçəklik», nə bilim «ifrat subyektiv idealizm» filan kimi qaragüllər hara?
* * *
Artıq hekayətimizə qaldığımız yerdən davam edə bilərik. Dediyim kimi, o axşam atamın heç kefi yoxuydu, bir qədər dalğın, hətta pərişan görkəmi vardı. O, tez-tez arxa otağa, anamın yanına keçir, oradan çıxdığında isə bir az da həyəcanlı görünürdü. Anamın yatdığı otağın yarımaçıq qapısından, onu dövrələmiş qonşu arvadlarını görürdüm. O an bu harda aş, orda baş arvadlardan çox zəhləm getdiyi ikinci bir məxluqat yoxdu yer üzündə. Mənə elə gəlirdi ki, evimizdəki bu təşvişin və vurhavurun təqsirkarları yalançı canıyananlıqla ora-bura tüyüyən arvadlardır ki var. Axşam saat beş-altı radələriydi. Atam sırıqlı gödəkçəsini əyninə keçirdib tələsik evdən çıxdı. Mehdiylə mən də sözləşibmiş kimi paltolarımızı götürüb onun dalınca qaçdıq. Eşikdə hər tərəf qarın altınday¬dı, bəmbəyaz, aydınlıq bir gecəydi. Biz atamın açdığı izlə ard-arda düzülüb Məmiş əmigilə doğru irəliləyirdik. Buna mənim şübəhəm yox idi, bütün gedişat onu göstərirdi ki, artıq anamı xəstəxanaya götürməyin zamanıdır. Başqa vaxt olsaydı atam Məmiş əminin dalınca bizdən birimizi göndərər¬di. Ancaq bu dəfə onun özü hərəkətə keçmişdi və belə görü¬nü¬rdü ki, işlər çox ciddidir.
Qərəz, Məmiş əmigilə yetişdik. Həyətdə qarqaraya bağlanmış heyvərə boz it boğuq səslə hürüb gəlişimizi xəbərlədi. Az keçmiş Məmiş əmi başını qapıdan çıxarıb:
- Keçin də, orada niyə durmusunuz? – deyə səsləndi.
Atam səbirsizliklə:
- Vaxt yoxdur, tez ol maşinı çıxart, gedirik! – dedi.
- Hara? – Məmiş əmi eyvana çıxıb qapını arxasınca örtdü.
- Yengəni doğum evinə çatdırmaq lazımdır, sənə tələs deyirəm!
Mən gözləyirdim ki, bu xəbəri eşidən kimi Məmiş əmi atamdan da betər həyəcanlanacaq, pilləkənləri qaça-qaça dü¬şüb qaraja doğru yüyürəcək. Amma sən saydığını say! O, san¬ki durduğu yerə mıxlanmışdı, üzündə isə bir budda rahatlığı ifadəsi vardı. Atam bir-iki addım irəli yeridi:
- Məmiş! Niyə gözünü döyürsən?
- Iı… Mm… Mən bu saat… Gedəmmərəm.
- Nə?
- Gedəmmərəm deyəndə ki… Юzün bilirsən… Zəma¬nə… Benzinin litri əlli qəpiyə qalxıb, təkərlər tamam əldən çıxıblar.
Qulaqlarıma inanmaq istəmirdim, bu dəqiqə yer ayrılsaydı məmnuniyyətlə yerə girərdim. Evdə qalmadığıma görə bərk təəssüf hissi keçirirdim. Mehdi atamın kölgəsinə çəkildi, sanki kölgədə əriyib yox olmaq istəyirdi. «Ona haqq olur» - deyə fikirləşdim. – «Məmiş əmiyə oxşayan da, onunla dostluq işlədən də odur».
- Belə de! – Atam çoxmənalı bir tərzdə dilləndi. Mənə elə gəlirdi ki, Məmiş əmiyə deyib kənara sıçrayan sözlərin vıyıltısı eşidirəm. – Keflisən?
- Bir qram da içməmişəm!
Elə bildim ki, atam bu dəqiqə üzünü çevirib gedəcək. Amma o, gözlədiyimin əksinə, sövdələşməyə başladı:
- Neçə manat istəyirsən?
- İyirmi beş manat yetər…
- İyirmi beş manat? Sən ağlını uçurmusan, nədir?
- Bu elə işdir ki… Kənar adam olsa çox istərdim…
- Əlbəttə, əlbəttə! Çox sağ ol, hörmətinə görə…
Tərəflər nəhayət razılığa gəldilər. Məmiş əmi qıvraq hərəkətlə maşını qarajdan çıxardı və biz «Villis» ə əyləşər-əyləşməz sürət götürdü. Bundan əvvəl mən Məmiş əminin bu cür sürətlə maşın sürdüyünü görməmişdim, bundan sonra da görmədim.
Anamı «Villis» ə mindirəndə ağlayıb-sıtqayıb Mehdi də özünü maşına təpdi. Zatən o, maşınla bu cür səfər eləmək imkanını əldən verməzdi. Mən də dinməzcə çıxıb onun yanında qərarlaşdım, evdə tək qalası deyildim ki!
Yolboyu nə atam, nə Məmiş əmi bir kəlmə belə kəsmədilər. Sürətlə işləyən motorun uğultusu, anamın zarıltıları, anamı müşayət edən qonşu arvadın yersiz replikaları da aradakı naqolaylığı arxa plana keçirə bilmədi.

* * *
Doğum evinə çatanda artıq şər qarışmaq üzrə idi. Anamı təkərcikli xərəyə uzadıb içəriyə götürdülər.
Atam «Villis» in yanında dayanıb siqaret sümürən Məmiş əmiyə yaxınlaşdı və əlində hazır tutduğu iyirmi beşliyi ona uzatdı. Məmiş əmi heç tövrünü pozmadan pulu alıb pencəyinin döş cibinə qoydu və maşına əyləşib sürüb getdi. Atam bir müddət maşının arxasınca baxdıqdan sonra bizim yanı¬mıza qayıtdı. Biz doğum evinin həyətində var-gəl eləmə¬yə başladıq. Arada kürəklə həyətin qarını təmizləyən qoca kişi atama irad tutdu:
- Bu uşaqları soyuqdan niyə qırırsan? Çıxın gedin evinizə-eşiyinizə.
Atam matdım-matdım qocanın üzünə baxdı. Sanki onu eşitmirdi, ya da nə dediyini anlamırdı.
Цstündən heç yarım saat keçməmiş uzaqdan «Villis»in tanış uğultusu eşidildi. Maşın yavaş-yavaş gəib düz bizim yanımızda dayandı. Əmim başını şüşədən çıxarıb hamımıza birdən müraciət etdi:
- Yaxşı, gəlin oturun gedək, daha burda bizlik bir iş yoxdu,- onun səsində indiki vəziyyətə uyuşmayan şən notlar vardı.
Atam bir az tərəddüddən sonra yüngülcə arxamızdan maşına doğru itələdi:
- Siz gedin, uşaqlar, mən sabah gələrəm.
Mehdi, arxasınca da mən çıxıb maşına oturduq. «Villis» yerindən tərpənərkən əmim dodağının altında atamın qarasınca mızıldandı:
- Zalım oğlu, elə bil doğan bunun özüdü.

* * *
«Villis» rayon mərkəzini tərk edib Başkeçidə doğru yol aldı. Əmim bir-iki dəfə bizimlə zarafatlaşmaq istəsə də bundan bir şey çıxmadı. O, maşının radiosunu işə salıb çox sevdiyi türk mahnıları aramağa başladı və orada dinləməli bir şey tapmadığından radionu söndürüb zümzümə eləməyə girişdi.
Bir xeyli irəliləmişdik ki, o başını çevirib soruşdu:
- Çölə çıxmaq istəyən var? Bax, maşını bir də yalnız kənd¬də saxlayacam ha!
Bizdən səs çıxmadı. Onda o, maşını saxladı və təkidlə:
- Haydı, çıxın özünüzü boşaldın, - dedi, - kəndə çatana¬can maşın saxlamaq yoxdu!
Maşından düşdük. Yolun sağ tərəfi başdan-başa kol¬luq idi. Bir yerdə kolluğa doğru cığır tapdanmışdı. O cığırla kol¬lu¬ğa doğru bir az getmişidk ki, Mehdinin ayağı nəyəsə ilişdi. Bir an sonra isə onun sevinc dolu çığırtısı eşidildi!
- Velosiped! Məmiş əmi, burda velosiped var!
Məmiş əmi inamsız səslə dilləndi:
- Nə danışırsan, çölün düzündə velosiped nə gəzir?
- Vallah, doğru deyirəm, bir gəlin baxın!
Mehdinin durduğu yerə yaxınlaşdıq. O, velosipedi təkərləri üstə qaldırdı:
- Görürsünüz?
- İşə bax! – Məmiş əmi təəccüblə içini çəkdi. – Юzü də qət-təzədir. Bəxtin gətirdi, dostum. Di, götürün velosipedi də, getdik! İşə bax…!
- Bəs sahibi çıxsa necə? – Mehdi özünü elə göstərdi ki, güya tərəddüd eləyir.
Məmiş əmini hirs götürdü:
- Nə sahib, adə, nəyin sahibi? Sən də lap atan kimi danışırsan, - sonra nə fikirləşdisə sakit səslə əlavə elədi, - sahibi çıxar qaytarıb verərsən, dəmiri yeməyəcəksən ki!
Velosipedi maşına qoyduq. Yol uzunu Mehdi dil boğaza qoymur, öz möcüzəvi tapıntısı barədə danışırdı. Onun gözlə¬rinin parıltısını maşının salonunun zəif işığında da aşkar görmək olurdu. Sevinməyə dəyərdi, bu əsl «Ukrayna» velosi¬pediydi, özü də yağın içində. Əmim də Mehdiylə səs-səsə ver¬mişdi…
O vaxtlar mağazada velosipedin üzərinə indiki kimi qiymət kağızı vurmurdular. Onun qiymətini zavoddaca bir¬başa «rama» nın üstünə həkk edirdilər. Əyilib diqqətlə tapdığımız velosipedin qiymətinə baxdım:
«Çena – 25 rub.» yazılmışdı…

VEYİL DƏRƏSİ (hekayə)

VEYİL DƏRƏSİ
(hekayə)


…M ən mömin quşlar və şəhid atlar barədə eşitmişdim. Sonra bu barədə ədəbiyyat da tapıb oxudum. Daha sonra Moskvanın ucuz kinoteatrlarından birində pop-korn yeyə-yeyə və fanta içə-içə kinoya baxan adamlarla birgə məşhur italyan rejissoru Pazolininin «Quşlar və quş¬cuğazlar» filmini seyr etdim və o vaxtdan yəqinləşdirdim ki, heyvanat aləmi insanlıq üçun çoxlu ibrətlərlə doludur.
Pazolininin bu filmində monaxlar xristianlığı quşların arasında yaymaq üçün göndərilirlər. Monaxların səyilə qırğı¬lar da, sərçələr də dönüb xristian olurlar. Lakin, qırğıların təbi¬ətində sərçələri ovlayıb yemək var, odur ki, mömin olduq¬dan sonra da onlar bu şakərlərindən qalmırlar - xristian qırğılar xristian sərçələri yeməkdə davam edirlər.
Bilmirəm fikir vermisinizmi, bütün canlılar, xüsusən də insanlar yaşadıqları coğrafiyadan daha çox yedikləri yeməyə bənzəyirlər. Londonda nəşr olunan mötəbər elmi «Foks Ltd» jurnalının 2005-ci il №7 tarixli sayında bağırsaq qurdları üzərində aparılmış bir təcrübədən söz açılır. Burda deyilir ki, bu qurdları, yemək verməzdən qabaq, bir müddət işıqla qıcıqlandırmışlar. Bu cür təcrübələri həşəmətli rus fizioloqu Pavlov itlərin üzərində aparırmış. Ancaq, ingilislər Pavlovdan xeyli irəli getmişlər. Onlar qurdların bir qismində şərti refleks yaratdıqdan sonra həmin qurdları öldürüb, parça-tikə eləyib şərti refleksi olmayan o biri qurdlara yedirmişlər. Nəticədə həzm-rabedən keçirilmiş həmcinslərinin bütün vərdişləri həmin qurdlara keçmişdir…
Belə, canım oxucum! Sən elə bilirsən bəzi Afrika qəbilələrində insan ətini bekarçılıqdan yeyirlər? Əsla! Sadəcə onlar alimlərin hələ indi-indi kəşf elədikləri şeyləri lap çoxdan bilirlər və fürsət düşəndə adam əti yeməkdən qalmır¬lar. Bəli, başqasının gücünü, təcrübəsini öz gücunə – təcrubə¬sinə qatmağın ən kəsə yolu məhz hannibalizmdən keçir. Bunu day biz demədik!
Afrikalıları bir qırağa qoyaq. Məgər yeri gəldi-gəlmədi öz mədəniyyətini camaatın gözünə soxmağa çalışan avropalı¬ların arasında düşməninin ürəyini çıxarıb yeyənlər, qanını içənlər azmı olub? Mən hələ bunu bir növ praktikaya çevirmiş bir çox asiyalı sərkərdələri demirəm. Şübhə etmirəm ki, bu ətə-qana yerikləmək şövqü düşmənin bütün gücünün, iradəsinin onun ürəyində-ciyərində və qanında cəmləşməsi barədə çox əski inanclara dayanır. El arasında cəsarətli adamlara boş yerə «ürəkli adamdır», nə bilim «ciyərli oğlan¬dır» demirlər ki!
Bu yaxınlara kimi elə bilirdim ki, «sənin ətini yeyərəm» tipli ifadələr sadəcə bir nitq ştampıdır, dilimizdə dolaşıb-durur özüyçün. Nədən ki, hazırda, bəzi manyakları nəzərə almasaq, hərfi anlamda heç kəs heç kəsin ətini yemir. Amma, sən demə burda da məsələ mən fikirləşdiyim kimi deyilmiş. Lap bu yaxınlarda səmavi kitablardan birində oxudum ki, «əgər siz bir kəsin haqqını tapdayırsınızsa və ya halal haqqına sahib çıxırsınızsa onda onun ətini yemiş olursunuz». Nə az, nə çox!
İsa peyğəmbər öz tərəfdaşlarına çörək və çaxır ikram eləyərkən nə demişdi: «Alın, yeyin, bu mənim ətimdir, için,
bu mənim qanımdır». İndi siz deyin, yuxarıda söylədikləri¬mizdən sonra İsanın bu sözlərlə nə demək istədiyi barədə teoloqların sürəkli müzakirələr aparmasına ehtiyac varmı? İsa bu sözlərlə yalnız onu demək istəmişdi ki, bilirəm, siz məni satacaqsınız, sizin üzərinizdəki haqqımı ayaqlarınızın altına salacaqsınız. Yəni, dolayısıyla, ətimi yeyib qanımı da su yerinə içəcəksiniz…Vəssalam! Yüz teoloq gəlsin, məni bu fikrimdən döndərə bilməz.
* * *
Sözü uzaqdan başladığım üçün üzr istəyirəm, əziz oxucum. Amma elə mətləblər var ki, onların haqqında söhbəti ya bu cür aparmalısan ya da heç aparmamalısan. Hər halda prelyudiya deyilən nəsnə də bizim icadımız deyil…
…Onda payız təzəcə girmişdi. Yadımdadır, yayın ətaləti cəmisi beş-altı gün sürdü və birdən-birə yağışlı havalar başladı. Amma nə təhər başladı! Mən artıq üçüncü il idi ki, Kominin İnta şəhərində yaşayırdım və bilirdim ki, payızın xəmiri suya doymayınca bu şəhərdə yağmurun arası kəsmə¬yəcək.
Kominin eləcə adı Komidir. İnta şəhərində komi millətindən olan adamları barmaqla saymaq olardı. Onlar da nədənsə öz milli kimliklərini biruzə verməməyə çalışırdılar. İntanın yetmiş minlik əhalisinin, məmurları, müəllimləri-filanı nəzərə almasaq, demək olar hamısı kömür mədənlərində işləyirdilər. Bir dəfə işlədiyim şəhər qəzetində şaxtaçıların həyatı barədə öz aramızda kiçik bir hesablama aparmışdıq. Məlum olurdu ki, onlar ömürlərinin çox hissəsini yerin altında keçirirlər. İnta mədənçiləri bir-birilərini yarızarafat-yarıciddi «siçovul» deyə çağırırdılar və bundan heç kəs incimirdi. İntalılar siçovul həyatı keçirməyə bir növ məhkum olunmuş¬dular. Zatən onların başqa növ əməklə məşğul olmaq imkan¬ları da yoxdu. Bilənlər bilir ki, bu torpaqlar qısırdır və mer-meyvə nədir, heç Allahın kartofunu da bitirmir.
İntanın nə havası havadır, nə suyu su. İşdir, nə vaxtsa yolun bu şəhərə düşsə oranın qəbirstanlığını ziyarət etməyi unutma, əziz oxucum. Ordan əldə edəcəyin təəssürat sənə ömürlük bəs eləyər. Bu qardaşlıq qəbirstanlığında köhnə SSRİ-nin bütün millətlərindən olan insanlar uyumaqdadırlar. Bunların hamısı vaxtilə buraya sürgün olunmuş «zeklər» və onların törəmələridirlər. İntalının ən çox ömr eləyəni cəmisi qırx beş-əlli il yaşayır ki, bu da qəbir daşlarının ustundəki yazılarda epitafiya əvəzi öz əksini tapıbdır. İnta Rusiyanın o şəhərlərindəndi ki, burada gecə düşdümü bir də altı aydan sonra səhər açılır. Bilmək istəsən bunun elə bir romantikası-zadı yoxdur. İntalı sabaha sağ çıxmamaq ehtimalının çox bö¬yük olduğunun fərqindədir və həyatından bezmiş insanların əksəriyyəti də məhz bu sabahsız gecələrdə intihar eləyirlər.
Öz həyatına qıyanların dəqiq sayını bilmək istəsən yenə də qəbirstanlığa baş çəkməlisən. Burada onlar üçün ayrıca yer ayrılıb. Öz əcəlilə ölmüş imtiyazlılardan fərqli olaraq onlar bir qıraqda, necə gəldi basdırılıblar. Bir yol kafir sayılan intiharçıların məzarlığı isə o biri məzarlıqdan böyükdür ki, kiçik deyil.
Bu gözdən uzaq, könüldən iraq şəhərin bir özəlliyi də ondadır ki, oraya yalnız qatarla getmək mümkündür. Şəhərə varid olmağın və oranı tərk etməyin başqa yolu yoxdur. Nədən ki, bütün perimetr boyu hər tərəf ucsuz-bucaqsız bataqlıqlardır. Buna görə də İnta bina olunandan bəri hələ bu şəhərin türməsindən qaçmaq xülyasına düşən məhbus olmayıb. Haraya kimi qaçacaqsan?
İntanın necə yer olması barədə çox uzun danışmaq olar. Ancaq mənim çərənçiliklə aram yoxdur, ona görə də yuxarıda dediklərimlə kifayətlənmək istəyirəm. Bircə şeyi də əlavə edim ki, «İnta» sözü komi dilindən tərcümədə «quyu», «dərə» anlamı verir və bu adı kim veribsə çox dürüst ad verib.

* * *
Dediyim kimi o ərəfədə şıdırğı yağışlar yağırdı, hər tərəf selin-suyun içindəydi. Belə havalarda heç heyvanlar da burnunu çölə göstərmək istəmir, o ki insan ola! Şəhərin o biri başında yerləşən redaksiyaya getmək gözümə durmuşdu. Kirayə qaldığım ev yoldan xeyli qıraqdaydı, yağış yağdısa ara yollar tamam keçilməz hala gəlirdi və buna görə də dizəcən palçıq ayaqlamamağın yeganə yolu evdən kənara ayaq basmamaqdı. Hələ avtobusdakı basabası-filanı demirəm. Götürüb müxbir yoldaşım Pavelə zəng elədim. Onun çox uzunçu adam olduğunu bildiyimdən salamsız-kəlamsız dedim:
- Paşa, mən bu gün gələ bilməyəcəyəm, xahiş edirəm, mənim işlərimi də yola verəsən…
- Bilət, necə yəni gələ bilməyəcəyəm bilət, mən burda sizin üçün kiməm nax, Qrişa bilət məzuniyyətdə, Saşa nax ezamiyyətdə, sən də belə nax… Görəcəksiniz, qəzet bilət çıx¬ma¬yacaq nax…
Paşa hödülləyib-tökməkdəydi. Zalım oğlunun iki sözündən biri söyüşdü. Düzdür, Paşa ağzıyırtıq adamdı, ancaq redaksiyada heç kəs onun sözünün üstünə söz söyləmirdi. Çünki, əvvəla, o qəzetin ən qocaman işçisiydi, yaşı yetmişə yaxın olardı, ikincisi də redaksiyanın əsas sütünlarından biriydi, bəlkə də ən əsas sütünuydu. Odur ki, Paşa redaksi¬yada özünün kirimiş «əsas sütun» taleyini yaşamaq¬daydı – onu nə ezamiyyətə göndərirdilər, nə məzuniyyət verirdilər. Baxmayaraq ki, o bizim canlı reliktimiz idi, İntada o yaşda bir-iki adam vardı, ya yoxdu, özü demiş, işi-peşəsi eşşək kimi çalışmaqdı. Ancaq, deyəsən bu cür həyat tərzindən heç onun özü də rəncidə deyildi. Arvad yox, uşaq yox, uzun həyat yolunda hamısıyla bir-bir üzülüşmüşdü. İndi bir beşinci ətrafı idi, bir də boğazı.
Dəstəyi qulağımdan aralayıb bir siqaret yandırdım, o azacıq fasilə verən kimi isə yenidən qulağıma tutdum:
- Redaktor soruşsa deyərsən ki, bərk xəstələnib, yorğan-döşəyin içindədir, - dedim və dərhal telefonu qapatdım.
Üstündən heç beş saniyə keçməmiş telefon zəng çaldı. Pavel idi.
- Bax, sənə deyirəm, Edik – onun səsində hədələyici notlar vardı, - «Qığılcım»dan alov doğa bilər ha… bilət…
Ona sözünü tamamlamağa macal vermədim. Əlimi uzadıb telefonun şnurunu şəbəkədən ayırdım.
«Qığılcım» bizim şəhər qəzetinin adı idi. Leninin «Qığılcım» ından fərqli olaraq bizim «Qığılcım»dan yüz il yüz ilə qala heç nə doğan deyildi. Bunu yəqin bilirdim. Olsa-olsa məni işdən qovacaqdılar. Bunun üçün isə mən əlimdən gələni etmişdim; neçə dəfə işə lül-qəmbər gəlmişdim, dəfələrlə redaktorun üzünə qayıtmışdım, işçiləri acılamışdım, daha nələr eləməmişdim. Fikirləşdim ki, daha doğrusu özümü məcbur etdim fikirləşəm ki, belə yağışlı havada heç bir qığılcım alov doğura bilməz və bu məcazın məntiqindən içimdə bir arxayınlıq yarandı. Qığılcımdan alov doğmayacaqsa, demək ki, məni də işdən qovmayacaqlar. Sözün düzü, qəzetdən çıxmaq istəmirdim. Necə olmasa da neçə vaxtdı burda işləyirdim, üzüm öyrəşmişdi. Üstəlik yazmaqdan başqa əlimdən bir şey gəlmirdi, kömür mədəninə isə acından ölsəm də düşən deyildim.

* * *
Bütün işlər bundan sonra baş verdi. Mətbəxə keçib özümə çay qoymaq istədim. Qapını aralayıb içəri adlamaq istəyəndə zil-qara bir siçovulun ayaqlarımın arasından sivişib yataq otağına doğru qaçdığını gördüm. Zatən bu dünyada siçovul kimi iyrənc bir heyvan türü tanımıram. Odur ki, eləmə tənbəllik siçovulun dalınca götürüldüm. Lakin siçovul bir an öncə harasa təpilmişdi, nə qədər axtardımsa faydası olmadı. Siçovulla bir mənzildə yaşamağı heç ağlıma belə gətirmirdim, ona görə də çıxıb eyvanda ehtiyatda saxladığım tələni götürdüm, nizamlayıb çarpayımın ayaq tərəfinə qoydum. Siçovulun nəfsi çox itidir, amma o həm də həddən ziyadə hiyləgər heyvandı, biləsiniz. Onu tələyə salmaq hələm-hələm iş deyil. Bu barədə bəzi bilgilərim vardı, onunçün də tələni kağız-kuğuzla maskalayıb yenidən mətbəxə qayıtdım.
Elə yenicə çaydanı qaz pilətəsinin üstünə qoymuşdum ki, yataq otağından bərk şaqqıltı eşidildi. Özümü yetirib gördüm ki, tələyə iri bir siçovul düşüb. Tələ onu düz belinin ortasından vurmuşdu, ancaq o hələ sağ idi. Az qala adam kimi çığıra-çığıra qabaq ayaqlarıyla döşəməni cırmaqlayır, hərdən qanrılıb tələni dişləməyə çalışırdı. Sonda hətta siçovul var gücünü toparlayıb tələni bir qədər öz arxasınca sürüməyə müvəffəq oldu. Lakin, bu ölüm məngənəsindən qurtulmaq artıq mümkünsüzdü. Bir azdan onun civiltisi tamam kəsildi və o, ağrıdan bir-iki dəfə də sağa-sola bükülərək sakitcə canını tapşırdı.
Yalnız indi fikir verib gördüm ki, bu bayaqkı siçovul deyil. Bu, adi, boz, bayaqkından xeyli balaca bir siçovuldu. Təəcüblənməyə dəyməzdi—siçovullar elə bir məxluqdurlar ki, biri üzdədirsə, deməli, beşi-onu da gizlindədir. Bəli, bir tələylə bu işi aşırmaq çətin olacaq deyə fikirləşdim, nəsə başqa tədbir tökmək lazımdır. Olsun ki, hansısa bir ana siçovul mənzilimə yol tapıb və elə buradaca balalayıb.
Tələni ayağımın ucuyla itələyə-itələyə eyvana çıxardım, məhəcərdən sallanıb alt qatda yaşayan Vasya adlı işsiz-gücsüs birisi vardı, onu səslədim:
- Vasya! Vasya! Vasilii…
Vasya handan-hana, tuman-köynəkdə, donquldana-donquldana eyvana çıxdı. Sir-sifətindən aşkar sezilirdi ki, bu saat o dərin «poxmel» dədir. Üzündən zəhər yağırdı.
- Nədir, nolub yenə səhər-səhər? – Vasya zarıya-zarıya souşdu.
- Vasya, sənin pişiyin üçün əla nahar var, gəl apar.
O, daha ucadan donquldanmağa başladı:
- Mən də deyirəm görəsən nolub? Bu dəqiqə mənim pişiyimə antrekot da versən yeməz…
- Niyə? Olmaya xəstələnib?
Vasya cavab əvəzinə əlini yelləyib içəri keçdi.
Bu məsələdə ondan bu cür vecsizlik gözləmirdim. Vasya ola, canından əziz tutduğu pişiyinin yeməyindən imtina eləyə!
- Vasya! Vasilii…
- Hə, nədir?- Vasya içəridən səsləndi.
- Bir dəqiqəliyə eşiyə çıx.!
- Hə, çıxdım, nədir?- Vasya başını qapıdan eşiyə çıxar¬dı.
- Deyəsən başa düşmədin, mən sənə siçovul təklif edirəm, bax bu yekəlikdə,- qollarımı açıb onun pişiyindən də yekə bir siçovul təsvir elədim.
- Elə siçovullardan mənim mənzilimdə nə qədər desən var.
- Belə de! - Durduğum yerdə hirslənməyə başladım. Sanki, siçovulu gəlib aparmadığına görə Vasyanı mütləq borclu çıxarmalıydım,- bəs mənə niyə deməmisən?
O, təəccüblə üzümə baxdı:
- Necə bəyəm, sən sanitar həkimi-zadsan?
Haqlı sözə nə deyəsən? Amma, Vasya kimi birisinin sözdə məni bağlamasına da yol verə bilməzdim. Di gəl, mən tutarlı bir cavab üzərində fikirləşənə kimi o:
- Nəsə gözümə yaxşı dəymirsən, dostum, get tempera¬turunu ölç,- deyə əlavə elədi və başını bulayaraq içəri çəkildi.
Ürəyimdən keçdi ki, Vasyanı çağırıb əməlli-başlı acıla¬yım, ancaq o biri qonşulardan ar elədim.
Siçovilun ölüsünü eyvanda qoyub mətbəxə qayıtdım. İştahım tamam küsmüşdü. Bir stəkan çay içib siqaret yandır¬dım. Deməli belə! Bircə siçovulumuz çatışmırdı. De¬mək Vasya¬nın mənzilində də siçovul əmələ gəlib. Elə isə başqa mənzillərdə də siçovul olmamış deyil, daha bunun ora-burası yoxdu. Olsun ki, siçovulların yuvasını su basıb, onlar da üzüyuxarı dırmaşıb mənzillərə soxulmalı olublar. Pəncərədən eşiyə baxdım. Aramsız yağan yağışın şırıltısı sanki mənim fikrimi təsdiqləməkdəydi. Pəncərədən baxa-baxa fikirləşdim ki,işdən qalmağın da bax bu cür fəsadları var. Guya dincələcəkdim, ancaq gör səhərdən nəylə məşğulam. Qamışdan düzəldilmiş kresloma yayxanıb başqa şeylər barədə fikirləşməyə çalışdım.
* * *
Günorta saatları idi. Qapının zənginə ayılıb gördüm ki, elə kreslodaca yuxuya getmişəm. Qapını əllə də döyməyə başladılar.
- Kimdir?- Oturduğum yerdən səsləndim.
- Açın, biz sanitar xidmətindənik,- qapının ardından əsəbiliklə cavab verdilər. Görünür nə vaxtdır ki, qapını döyürlər.
Deyəsən bu siçovul məsələsi get-gedə böyüyür. Bunlar, lap yəqin, gəmiricilərlə mübarizə idarəsindəndirlər. Ancaq, mən axı onları çağırmamışdım. Adətən yeri-yurdu bilinməyən sanitar xidmətinin bu təşəbbüskarlığı bir az qəribə görünürdü.
Qapını açdım. Əllərində kağız-qələm, üstündə qırmızı xaç işarəsi olan dava-dərman çamadanı və bu kimi şeylər tutmuş biri kişi, ikisi qadın, bir heyət dəhlizdə dayanıb gözləyirdi. Qapı açılar-açılmaz heyət komanda verilmiş kimi yerindən qopub içəri təpildi. Qadınlar dinməz-söyləməz mənzilə işgüzar baxış keçirərkən, kişi yazı masamın arxasına oturdu və qələm-dəftərini qarşısına qoyub məni sorğu-suala tutmağa başladı.
- Mənzil sizindir?
- Yox, kirayənişinəm.
- Aydındır,- o dəftərinə nəsə qeyd elədi,- mənzildə neçə adam qalır?
- Tək özüm.
- Aydındır. Bəs harda işləyirsiniz?- O, sualları verərkən gözünü qələminin ucundan çəkmirdi.
- «İskra» qəzetinin muxbiriyəm,xaricdə qohumlarım yoxdur, ziyalı ailəsindənəm, heç bir partiyanın üzvü deyiləm, cinayət məsuliyyətinə cəlb olunmamışam, azərbaycanlıyam, əslən Gürcüstanlıyam, sizi daha hansı məlumatlar maraqlandırır?- Get-gedə özümdən çıxmağa başlayırdım,- və bütün bunların siçovullara nə aidiyyəti var?
Kişi başını qaldırıb təəccüblə və bir qədər məyusluqla üzümə baxdı. Sonra qarşısındakı kağız parçasını götürüb havada silkələdi:
-Sən bu sualı bax, bu anketi tərtib eləyənə ver, mənə yox,- o, artıq mənə «sən» deyə müraciət eləyirdi,- buyur, buraya qol çək.
- Bu nə üçündür?
- Sənin kirayənişin qaldığın mənzildə siçovullara qarşı sanitar tədbirlərinin görüldüyü barədə aktdır, buyur qol çək.
Kağızı imzaladım. Kişi kağızı götürüb dəftərinin arasına qoydu və qadınlara doğru səsləndi:
- Qızlar, tələsin, görün hələ neçə mənzil dolaşmalıyıq.
Beləliklə mənzilimdə siçovullara qarşı «sanitar tədbiri görülmuş» oldu. «Qızlar» dan biri, ənliyi-kirşanı üzündə qat kəsmiş yekəpər qadın mənə bərk-bərk tapşırdı ki, nəbadə onların künc-bucağa qoyduğu zəhərli preparatlara əlimlə toxunum. Bundan başqa, mümkünsə evdə ərzaq saxlamamaq və daha yaxşısı, bir neçə günlüyə mənzili tərk etmək tövsiyə olunurdu. Mən onların bütün məsləhətlərinə can-başla əməl edəcəyimi bildirdim, təki məni rahat buraxsınlar deyə.
Qayıdıb qamış kresloma əyləşdim. Başımın içində bir uğultu, bədənimdə bir süstlük əmələ gəlmişdi. Özümü xəstəhal hiss edirdim. Birdən - birə hiss etdim ki, bu şəhərə də, içi də özüm qarışıq bu şəhərin bütün insanlarına da- hamıya və hər şeyə nifrət edirəm. Mən ağır, hətta bir qədər ləng təbiətli adamam. Daha doğrusu vaxtilə belə bir adamdım. Bu lənətə gəlmiş şəhər məni hövsələsiz, özündən tez çıxan, cırtıqoz birisinə çevirmişdi. Ətrafdakılar bunu özləri üçün Qafqaz temperamenti kimi yozurdular, ancaq bunun belə olmadığı mənim özümə gün kimi aydın idi. Aydın idi ki, mən fələyin xərcinə verdiyim bu üç il müddətində hansısa işıqlı perspektivlər uğrunda deyil, yalnız həbsxanaya, dəlixanaya düşməmək və günlərin bir günündə intihar eləməmək uğrunda mübarizə aparmaqla məşğul olmuşam. Mən artıq bütün intalılar kimi burdan çıxıb getmək, ilim-ilim itmək arzusuyla yaşayırdım. Bəlkə məni ayaqda saxlayan da məhz bu istək idi, başqa heç şey. Düşünə bilərsiniz ki, nə böyük arzuymuş - çıxıb getmək istəyirdin, gedəydin. Amma, axı hara gedəydim? Kəndə dönməyi heç ağlıma belə gətirmirdim. Mən kənddən dünyanı fəth etmək üçün çıxmışdım, daha əli ətəyindən uzun qayıtmaq üçün yox. Bakıda isə nə qalmağa yerim vardı, nə də heç olmasa ilk vaxtlarda mənə arxa-dayaq olacaq birisi. Qohum-qardaş hamısı it unu kimi Rusiyanın çöllərinə səpələnmişdilər…
Bir xeyli beləcə heysiz oturduqdan sonra durub televizoru yandırdım və yatağıma uzanıb verilişləri seyr etməyə başladım. Yerli kanalda şəhərin baş sanitar həkimi çıxış edirdi: «…əziz sakinlər, yuxarıda dediklərimizi nəzərə alaraq sizin hər birinizi məsuliyyətli olmağa, əlaqədar təşkilatların tövsiyyələrinə ciddi əməl etməyə çağırıram. Siçovullar hansısa yoluxucu xəstəliyin daşıyıcısı ola bilərlər. Ona görə də onlarla bilavasitə kontaktda olmanız məsləhət deyil. Xüsusən də uşaqlara nəzarəti gücləndirmək lazımdır. Tələ qurmaqla və digər üsullarla siçovulları məhv etmək qadağan olunur». Sonra başqaları danışdılar. Siçovullar günün mövzusuna çevrilmişdilər.
* * *
Axşam tərəfi telefonun şnurunu şəbəkəyə birləşdirib Pavelə zəng elədim.
- Paşa, işlər necədir?
- Necə olacaq bilət, şəhərdə nax siçovulların əlindən tərpənmək olmur. Sən sabah işə çıxacaqsanmı bilət?
- Sizin evdə də siçovul var?
- Əlbəttə var, nax. Sabah işə çıxacaqsan, ya yox?
- Bilmirəm, Paşa, mən hazırda bu şəhərdən çıxıb getmək barədə düşünürəm.
- Bu barədə kim düşünmür ki? Mən, məsələn, altmış ildir bu barədə duşunurəm, bilət,- Pavel bir qədər susduqdan sonra ərkyana əlavə etdi,- Edik, dur gəl bizə, yaxşı yanacağım var, Moskvadan gətiriblər.
Pavel adamın könlünü almaq istəyəndə də səsinin tonunu aşağı salmırdı. Yalnız söyüşlərinə ara verirdi.
- Meylim çəkmir, Paşa, - onun bu xidmətindən imtina etdim.
- Necə yəni meylim çəkmir, sən gerçəkdən xəstələnmisən nədi?- Onun aləmində yalnız xəstələr «yanacaq» dan imtina edə bilərdilər.
- Hə, xəstələnmişəm,- dedim.
- Neynək, dağ Məhəmmədin yanına gəlmirsə, onda Məhəmməd dağın yanına getməlidir. Otur evdə, indi gəlirəm.
Üstündən on-beş, iyirmi dəqiqə keçməmiş Pavel artıq mənim yanımdaydı. Moskva arağından içə-içə söhbətləşib-dərdləşdik. Söhbət hərlənib-fırlanıb yenə də siçovulların üstünə gəldi. Bir ara mənim kitab rəfimi diqqətlə nəzərdən keçirdikdən sonra Pavel arağın təsirindən pörtmüş üzünü mənə tutdu:
- Sən Kamyunun «Taun» romanını oxumusan?- O, bu sualı elə-belə vermirdi. Kamyu bu romanda sanki bizim indiki İntanı təsvir eləyib. Xəstə siçovullar üzə çıxıb şəhər əhlini tauna yoluxdururlar, qırılan qırılır…
- Hə, - dedim,- orda təsvir olunan şəhər elə bil bizim şəhərdir.
- Hə! Amma, şükür Allaha, hələ ki şəhərdə ölüb-itən yoxdur.
- Hələlik yoxdur.
-Heç olmayacaq da!- Pavel növbəti araq stəkanını gillədib marça-marçla xiyar turşusundan çeynəyə-çeynəyə dedi.
- Hardan bilirsən, falçısan?
O, məzəmmətedici baxışlarla məni süzdü:
-Ay, yay! Sən məni nə bilirsən, dostum? Bayaq sanepidemstansiyaya getmişdim, dedilər ki, siçovullarda heç bir xəstəlik aşkarlanmayıb.
- Bəs, onda bunlar niyə yuvalarından perik düşüblər?
Mən soruşduqca Pavel daha da vacib görkəm alırdı:
- Orasını heç kəs bilmir,- guya bu bilinən məsələ olsaydı Pavelin bundan mütləq xəbəri olmalıydı,- delfinlər niyə özlərini sürüylə sahilə atırlar?
Əllərimi qaldırdım. Bu o deməkdi ki, onun verdiyi cavab məni tam qane edir.
Az qala sevincək bir stəkan araq da mən aşırdım. Bizdə qayda beləydi - kimin könlü nə qədər istəyir o qədəq içir. Sağlıq- filan demək yoxdu, eləcə «bud zdorov», vəssalam.
- Bu gün gəlib mənim mənzilimi dərmanladılar,- Pavelə daha bir yönləndirici məlumat verdim.
- Mənim mənzilimi də dərmanlayıblar, boş şeydir!
- Niyə boş şey olur?
Pavel məyusluqla köksünü ötürdü:
- Mən belə görürəm, sənin hələ çox şeylərdən xəbərin yoxdu. Ağzında siçovul deyirsən, onlar zəhərli şeyləri səndən də, məndən də yaxşı tanıyırlar.
Yeddiyüz qramlıq araq şüşəsi boşalmışdı. Stolun üstündəki külqabı aşıb - daşdığından biz siqaret kötüklərini indi bu şüşəyə atırdıq.
- Bəlkə bir şüşə də götürək, - Pavel belə hallar üçün çox adi təklif səsləndirdi.
- Üz vurma, Paşa, mən daha içməyəcəyəm,- dedim,- yaxşısı budur de görüm, əgər siçovulları zəhərləmək mümkün deyilsə bu vur-çatdasın nə üçündür, ev-ev gəzib camaatın başını niyə xarab eləyirlər?
Paveli gic bir gulmək tutdu. O, yoğun səsilə bir xeyli hırıldadıqdan sonra sakitləşdi.
- Onlar da bir şey eləməlidirlər, ya yox?
Onun bu sözləri yadıma bir əhvalatı saldı. Birisi İrana gedibmiş. Orada ayaqyoluna dəyməli olur. İçəri girib görür ki, qapının ardında bir kişi oturub, yanında da iki aftafa var, biri ağ, digəri qırmızı. O, ağ aftafanı götürmək istəyəndə kişi qayıdır ki, bu aftafanı götürmə, qırmızını götür. Qərəz, o öz işini tamamlayır, aftafanı qaytarıb yerinə qoyarkən fikirləşir ki, görəsən kişi niyə qoymadı ağ aftafanı götürmüyə? Soruşur: «Dayı, ağ aftafanı götürməyə nədən izin vermədin?» Kişi cavab verir: «Oğul, burda oturmuşam, Mən də bir söz deyəsiyəm, ya yox?»
Bu dəfə məni gülmək tutdu. Yadıma düşdü ki, bu əhvalatı lap çoxdan Pavelə də danışmışam.
Məclisimiz sona çatdı. Pavel durub çıxmaq istəyərkən ondan acizanə bir xahişdə bulundum.
- Paşa, inciməyəsən ha, eyvanımda bir siçovul ölüsü var, xahiş edirəm onu götürüb küçədə zibil qutusuna atasan. İnan ki, ona əlimi vurammıram, yoxsa götürüb özüm atardım, sənə də zəhmət olmazdı…
- Nə zəhmət, canım, - Pavel eyvana doğru yönəldi, tələyə çatar – çatmaz ona sanballı bir təpik ilişdirib bayıra fırlatdı, - sən hər şeyi problemə çevirirsən, belə yaşamaq olmaz, dostum.
Doğrudan da, siçovul ölüsündən xilas olmağın bunca sadə üsulu heç ağlıma gəlməmişdi. Paveli küçə qapısınacan ötürdüm. Burada o, yağışa çıxmağa tərəddüd eləyirmiş kimi bir az dayanıb – durdu, sonra səsinin gür yerinə salıb:
- Başını dimdik tut, dostum, evdə oturmaqdan bir şey çıxmaz, - dedi, - sabah saat on sıfır - sıfırda süngü kimi işdə hazır olursan, oldu?
- Oldu, Paşa, - dedim
- Danışdıq! Sabah səni siçovulları məhv etməyin yeğanə və əvəzsiz üsuluyla tanış edəcəyəm. Gecikmə!…
Bir müddət Pavelin arxasınca baxdım. Redaksiyada onu adamayovuşmaz hesab edirdilər. Bu bəlkə də beləydi, amma, nədənsə mehrini mənə salmışdı və bunun nədənini heç cür kəsdirə bilmirdim. Sözün düzü, mən ruslardan o qədər də xoşlanan adam deyiləm, ancaq Pavelə məxsusi bir rəğbətim
vardı. Bəlkə də elə adamayovuşmaz olduğuna görə, ya başqa səbəbə, bilmirəm.
* * *
Səhərisi gün işdə böyük bir canlanma olduğunu gör¬düm. Hamı siçovulların evlərə daraşmasından danışırdı. Hətta, həmişə təmkinli görünən redaktorumuz da « o… bu dəhşətdir, dəhşət, görünməmiş işdir» deyə bu otaqdan vurub o biri¬sindən çıxır, hər kəsi siçovullar barədə söhbətə çəkməyə çalı¬şır¬dı. Onun sifətində qayğıdan və özünün dediyi kimi, dəhşət¬dən daha çox təntənəli bir ifadə həkk olunmuşdu. Elə bil şə¬hə¬rə naməlum uçan obyekt qonub. Özü də bir yox, bir neçə NUO. O, belə bir tarixi məqamı yaxaladığı üçün özünü göyün yeddinci qatında hiss edirdi. Onu başa düşmək çətin deyildi. İllər uzunu heç nə baş verməyən şəhərdə siçovulların nizamlı yürüşünə şahid olmaq elə NUO - nu görməyə bərabər bir işdi. Məni görcək o, az qala pişvaz eləyirmiş kimi qabağıma yüyürdü:
- Ooo, Edik! Görürsən də nələr baş verir! Gəl görüm, gəl,- əlilə çiynimi qucaqlayaraq öz kabinetinə doğru yönəltdi,-heç ömründə bu qədər siçovul görmüşdün?
Mənim onun tiradasını dinləmək halım yox idi, odur ki:
- Niyə görməmişdim, görmüşdüm,- dedim.
- Doğrudan? Harda?- o, təəccüblə üzümə dikildi.
- Məgər biz siçovullar şəhərində yaşamırıq?
O, içini çəkə-çəkə güldü:
- Düzdür, yaşayırıq, amma söhbət əsl siçovullardan gedir.
- Hələ bilmək olmaz, əsl siçovul hansıdır, yalançı siçovul hansı.
Redaktor ayağını saxlayıb çiynimi buraxdı. Deyəsən qırımımı görüb məni öz kabinetinə aparmaq fikrindən vaz keçmişdi. Əvəzində o:
- Sabahkı nömrə uçun son hadisələr barədə səndən material gözləyirəm - deyə tələbkaranə bir tərzdə elan etdi və öz yoluna təklikdə davam etdi.
Yenicə öz otağıma keçib plaşımı soyunmaq istəyirdim ki, Pavel özünü yetirdi - Çıxarma plaşını, çıxarma, indi gedirik!
- Nolub, hara gedirik?
- Sən siçovulları məhv etməyin yeganə və əvəzsiz üsuluyla tanış olmaq istəyirsən?
- Pis olmazdı,- deyə mızıldandım.
- Onda artıq sual vermə, get otur maşına, sovxoza gedə¬cə¬yik.
Gedib Pavelin özü kimi qocaman maşınına əyləşdim. Yağış ara vermədən yağmağındaydı, su maşının şüşəsindən sel kimi axıb yörəyə tökülürdü.
- Görüm səni filan-beşməkan olasan, müqəddəs Rusiya,- Pavel bir azdan dolayısıyla havanı yamanlaya-yamanlaya maşına təpildi.
Maşın yavaş-yavaş yola düzəlib «sovxoz» deyilən məntəqəyə doğru istiqamət götürdü. Sovxoz İntanın lap qurtaracağında yerləşirdi. Deyilənə görə vaxtilə burada sürü-sürü maral saxlayırmışlar. Amma «yeni» ruslar fürsət əldə elə¬yən kimi hamısını satıb-sovublar. Heç damazlıq da saxla¬ma¬yıblar. İndi burada bütün işçilər adına tək bir gözətçi vardı, o da nəyə görə vardı, bunu heç kəs bilmirdi.
Pavel maşını sürüb uzun, enli talvarın düz qabağında saxladı. Maşından düşüb talvarın altına keçdik. Ətrafda ins-cins gözə dəymirdi. Talvarın arxa tərəfindəki divar uzunu arı yeşiklərinə bənzər, bir az ondan böyük qutular düzülmüşdü. Pavel ətrafa boylanıb bir-iki ağız:
- Qriqori, auu, Qriqori!- deyə gözətçini səslədi.
- Gəlirəm, gəlirəm,- divarın o üzündən gözətçinin bu yerlərin adamına xas olmayan nazik, civiltili səsi eşidildi.
Bir azdan onun özü də göründü. Onun əynində uzun, su keçirməyən başlıqlı plaş vardı, ayağına ombasınacan rezin çəkmələr geymişdi. Qriqorinin sifəti klassik alkaş sifətiydi-çuxura düşmüş gözləri, sanki şırımlanmış alnı, batmış ovur¬dları onu əzabkeş müqəddəslərə bənzədirdi. O, özüylə kəsif araq, duzlanmış siyənək balığı və soğan iyi gətirirdi. Pavellə köhnə tanışlar kimi görüşdülər.
- Tanış ol,- Pavel əlilə məni göstərdi, Moskvadan gəlib, jurnalistdir. Yerli şəraitlə tanış olmaq istəyir.
Doğrusu, Pavelin bu gopu nə üçündü, anlamadım. Qriqori məni başdan ayağa süzdü.
- Hörmətim var! Bəli, jurnalistlərə hörmət eləyirəm. Amma,axı, Pal Palıç, özün yaxşı bilirsən, mənə qadağan eləyiblər…
- Nolsun, məgər qadağa onu pozmaq üçün qoyulmur? Eh, Qrişa, köpəyoğlu…
Qriqori köksünü ötürdü:
- Yox, Pal Palıç, olmaz! Rəhbərlik…Özün bilir¬sən… Yoxsa burda adam əlindən tərpənmək olmaz…
- Yaxşı-yaxşı, qurtar görək,- «Pal Palıç» havada az qala gözlə görünən qoxunu dağıdırmış kimi əlini yellədi,- mən də fikirləşirdim ki, bir səninlə oturarıq, yüz-yüz içib dərdimizi dağıdarıq. Özümlə yarım litr «yanacaq» da götürmüşdüm…
Yavaş-yavaş Qriqorinin üzünün donu açıldı:
- Mən nə deyirəm ki… Amma Pal Palıç, - amanın günüdür, rəhbərlik bilməsin!
- Bilməz! Guya bilsə nə olacaqdı? Sən başla, qoy qonağımız da nəhayət bizim bu mütərəqqi texnologiyamızla tanış olsun.
Məlum oldu ki, rəhbərlik – filan boş şeymiş, Qriqori bayaqdan yarım litrin davasını eləyirmiş. O, artıq söz söylə¬ -
mə¬dən qıvraq addımlarla bayaq gəldiyi yerə qayıtdı və az keç¬miş geriyə döndü. Döndüyündə onun əlində uzun maşa, qol¬tuğu¬nda isə kustar üsulla düzəldilmiş uzunsov sandıqca vardı.
Qriqori yanımızdan ötüb divar dibindəki yeşiklərə doğru addımladı. Biz də onun arxasınca düşdük. Elə yeşiklərə yaxınlaşdığımızı gördük… Yeşiklərdən bir çivilti, bir səs – küy, bir həşir qopdu ki, bunu sözlə ifadə eləmək mümkün¬süzdür. Bu, insanın beyninə, sümüyünə işləyən, tükürpədici bir kokfoniyaydı – yeşiklərdəki siçovullar səs – səsə verib var güclərilə çığırışırdılar.
Pavel səsi eşidilsin deyə ağzını qulağıma yaxınlaşdırıb bərkdən:
- Oh - ho-hoo… deyəsən siçovullar Qrişanın iyini aldılar, - dedi, - sən hələ işin gerisini gör!..
Qriqori qoltuğundakı sandıqçanı yerə qoyub onun qapağını araladı. Sandıqcada bir-birinə qısılıb titrəşən on-on beş siçovul vardı. Bu siçovullar yeşikdəkilərdən fərqli olaraq kirimişdilər, hətta Qriqori onları bir – bir götürüb yeşiklərə atanda da heç bir səs çıxarmırdılar.
Pavel qolumdan tutub yeşiklərdən birinin başına gətirdi. Burada gördüyüm mənzərə, əziz, oxucum, nə vaxtsa ağır skleroz xəstəliyinə tutulmuş olsam, yaxud reinkarnasiyayla yenidən dünyaya doğmuş olsam belə heç zaman yadımdan çıxmaz… Yeşikdə, yalan olmasın, pişik boyda bir siçovul vardı. Dəf kimi tarıma çəkilmiş dərisinin tükləri tutqun havada belə bərq vururdu. O, dal ayaqlarının üstünə qalxıb iri bığlarını tərpədərək sanki havanı qoxlayırdı. Əslində isə siçovul ətli boynunu əfilər kimi oynada – oynada yenicə yanına atılmış, ondan qat – qat balaca həmçisini ən müxtəlif rakurslardan gözdən keçirməkdəydi. Qriqorinin yenicə buraya atdığı siçovul isə yeşiyin bir küncünə qısılmışdı və astadan
civildəyərək qabaq ayaqlarıyla yeşiyin divarlarını cırmaqlayırdı.
Bu hal uzun sürmədi. İri siçovul bir azdan ahəstəcə qabaq ayaqlarını yerə qoydu və yavaş – yavaş balacaya yaxınlaşmağa başladı. İndi onların cəmisi bir qarış məsafə ayırırdı. Balaca siçovul artıq hərəkətdən qalmışdı, hipnoz olunmuş kimi matdım – matdım üstünə yeriyən bu nəhəngə baxırdı. Onun böyürləri körük kimi qalxıb – enirdi, gözləri isə az qala hədəqəsindən çıxmışdı. Bir an sonra iri siçovul qəfildən sıçrayıb onu dişlərinə götürdü, o heç süpürləşməyə belə macal tapmadı. İndi iri siçovul başının qıvraq hərəkətilə onu yerdən - yerə vurur, hərdən ağzından buraxıb yenidən dişlərinə keçirdirdi. Bir azdan balaca siçovul tamam halsız¬laşdı, artıq onun gücü yalnız lap astadan civildəməyə çatırdı… İri siçovul onun ölüb qurtarmasını gözləmədi, qabaq ayaqla¬rıyla üstündən basıb onu yavaş – yavaş didişdirməyə və… ye¬mə¬yə başladı.
Əziz oxucum, sənə elə gələ bilər ki mən bütün bunları özümdən quraşdırıram, həyatda belə şeylər olmur. Ancaq məni tanıyanlar yaxşı bilir ki, mən heç də gopa basmaq həvəskarı deyiləm və bundan hansısa bir həzz anlamıram. Belə şeylər İntada olur, öz gözümlə görmüşəm.
Burda nə baş verdiyini görüncə halım pisləşdi. Mənə elə gəlirdi ki, siçovulların ağzının marçıltısını reproduktorla gücləndirib ətrafa yayırlar. Bu səsləri eşidib – duymamaq üçün qulaqlarımı tutdumsa da xeyri olmadı. Səs beynimə düşmüşdü. Daha bir söz demədən qayıdıb maşına oturdum. Gördüklərim gözümün önündə təkrar – təkrar canlanınca, üzr istəyirəm, ürəyim bulandı və qusmağa başladım. Fikirləşdim ki, innən belə bu şəhərdə qalmaq itin öz qusduğunu yeməsi kimi bir şey olacaq…
Geriyə dönərkən Pavel gördüklərimizi şövqlə şərh eləməyə başladı. Sən demə, bu rus mujikinin siçovullarla mübarizə aparmaq üçün dəfələrlə sınaqdaq keçirtdiyi bir üsulmuş. Bu da ibarət olsun ondan ki, bir neçə siçovul tutub onları bir yeşiyə salırlar və uzun müddət onlara yem vermirlər. Acından bir təhər olmuş siçovullar, nəhayətdə, öz aralarından birisini seçib, didib yeyirlər. Sonra sıra başqasına gəlir və beləcə sonda yalnız bir siçovul qalır. (Bayaq gördü¬yüm yekəpər siçovul sadəcə onlardan biriymiş). Bu siçovul artıq hazır bioloji silahdır. Onun üçün siçovul ətindən ləziz heç nə yoxdur. Onu siçovulların çox olduğu yerə buraxırlar və o da tutub yediyini yeyir, yemədikləri isə öz canlarını götürüb aradan çıxırlar. Beləcə, zəhərləməyə, dərmanlamaya, nə bilim, mənim kimi tələ qurmağa da heç bir ehtiyac qalmır.
…Biz şəhərə yetişəndə artıq şər qarışmışdı. Pavel danışıb yorulmuşdu, kirimişcə maşının sükanını fırladırdı. Yağışdan və qaranlıqdan oluşan həlməşik havada maşın sanki sürüşə – sürüşə gedirdi: elə bil hansısa çox sürüşkən bir müstəvinin üstündəsən, hara və nəyə getdiyini bilmirsən, əslində heç getmirsən də, addımların elə hey sürüşür.
- Hara gedirik? – Pavel gözünü yoldan ayırmadan soruşdu.
- Ъəhənnəmə, - dedim
- Biz artıq ordayıq, dostum, dəqiqləşdir, konkret olaraq cəhənnəmin hansı güşəsinə gedək?
Artıq dəqiqləşdirmişdim. Qətiyyətli səslə dedim:
- Vağzala sür! Burdan ən tez gedən qatara bilet almaq istəyirəm.
Pavel heç tövrünü pozmadı. Sanki bu sözləri eşidəcəyini çoxdan bilirmiş. O, heç şey olmamış kimi zarafatla:
- Bir – iki xırda – para işlərim olmasaydı mən də səninlə gedərdim, - dedi və dərindən köksünü ötürərək maşını vağzala doğru yönəltdi.

VEYİL DƏRƏSİ (hekayə)